Tibb işçilərinin maaş artımı regionlarda kadr təminatına müsbət təsir göstərə bilər - RƏY
Tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirirəm. Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir.
Bu sözləri Operativ Media-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər:
“Çünki yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür.
Əlbəttə, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil; davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel inkişaf etməlidir. Amma tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir.
Nəticə etibarilə, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır”.
dəqiqələr içində saytın olsun.