"TƏBİB sistemində əməkhaqlarının artırılması səhiyyədə keyfiyyəti yüksəldəcək" – RƏY
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış etməsini böyük məmnunluqla qarşılayıram. Prezident İlham Əliyevin bu mühüm sosial təşəbbüsü yüksək qiymətləndirərək onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir.
Bu sözləri Operativ Media-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

O bildirib ki, bu qərarın tibb ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanacağına əminəm. Həkim olaraq mən də yaxşı bilirəm ki, tibb işçisinin əməyi son dərəcə məsuliyyətli, çətin və fədakarlıq tələb edən bir əməkdir. İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq sadəcə peşə deyil, böyük mənəvi məsuliyyətdir. Bu baxımdan tibb işçilərinin əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Mehriban xanım Əliyevanın uzun illərdir səhiyyəyə, xüsusilə ana və uşaq sağlamlığına, müasir tibb müəssisələrinin yaradılmasına, mürəkkəb xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə və ümumilikdə humanitar məsələlərə göstərdiyi həssas münasibət cəmiyyətimizə yaxşı məlumdur. Bu dəfə də məhz tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı təşəbbüsün irəli sürülməsi həmin ardıcıl və insan amilinə söykənən yanaşmanın davamıdır.
Prezident İlham Əliyevin təşəbbüsə dərhal müsbət münasibət bildirməsi və onun həyata keçirilməsi üçün tapşırıq verməsi isə bir daha göstərir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir. Buna görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tibb işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı ifadə etməliyik.
Hesab edirəm ki, məsələyə yalnız əməkhaqqının artırılması kimi baxmaq olmaz. Bu, eyni zamanda həkimin, tibb bacısının və digər səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir. Nəticədə qazanan bütövlükdə səhiyyə sistemi və ən əsası, Azərbaycan vətəndaşı olur.
Yeni təşəbbüsün dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyini artıracağını, ixtisaslı mütəxəssislərin sistemdə qalmasına əlavə stimul yaradacağını düşünürəm. Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması baxımından əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlərin inkişaf etdirilməsi mühüm nəticələr verə bilər.
Azərbaycan səhiyyəsi son illərdə böyük inkişaf yolu keçib. Yeni və müasir tibb müəssisələrinin yaradılması, onların qabaqcıl tibbi avadanlıqlarla təmin edilməsi, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər bunun göstəricisidir. İndi isə bu böyük sistemin əsas dayağı olan insan kapitalına – həkimə, tibb bacısına və digər tibb işçilərinə daha böyük diqqətin yönəldilməsi islahatların məntiqi davamıdır.
Qarşıdakı mərhələdə əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsilin, peşəkar inkişafın, şəffaf karyera modelinin və əməyin obyektiv qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi səhiyyəmizin inkişafına yeni dinamika verə bilər. İlkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal səhiyyənin inkişafı və profilaktik təbabətin genişləndirilməsi də qarşıdakı dövrün əsas istiqamətləri sırasında olmalıdır.
Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsində aparılan islahatların yeni mərhələsi həm tibb işçilərinin sosial rifahının, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi ilə nəticələnəcək.
Bu təşəbbüsü təkcə əməkhaqqının artırılması barədə sosial qərar deyil, Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirirəm. Tibb ictimaiyyətinin nümayəndəsi olaraq belə bir təşəbbüsün irəli sürülməsi bizdə xüsusi məmnunluq yaradır və düşünürəm ki, bu qərar minlərlə tibb işçisinin əməyinə verilən qiymətin çox mühüm ifadəsidir”.
dəqiqələr içində saytın olsun.