Menyu

“Maarifçi” proqramının iştirakçısı: “Təhsil və data analitikasını birləşdirmək mənim üçün yeni imkanlar açdı”

Ayşən Sadıxzadə
“Maarifçi” proqramının iştirakçısı: “Təhsil və data analitikasını birləşdirmək mənim üçün yeni imkanlar açdı”

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal gələcək” devizi altında həyata keçirdiyi “Maarifçi” təcrübə proqramı gənclərə nəzəri biliklərini praktikaya çevirmək və dövlət idarəçiliyi sistemində real təcrübə qazanmaq üçün geniş imkanlar yaradır.

Proqramın iştirakçılarından olan Məhsəti Tağızadə Operativ Media-ya qazandığı təcrübə və gələcək karyera hədəfləri barədə danışıb.

- Məhsəti xanım, ilk olaraq “Maarifçi” proqramına qoşulmaq qərarınızdan danışaq. Sizi bu proqramda iştirak etməyə sövq edən əsas motivasiya nə idi?

- Mənim üçün əsas motivasiya özümü yalnız nəzəri biliklərlə məhdudlaşdırmamaq və fərqli bir peşə istiqamətində real iş təcrübəsi qazanmaq idi. Əslində, təhsilim riyaziyyat müəllimliyi üzrədir. Lakin universitetin son illərindən etibarən data analitikaya və rəqəmsal sahəyə böyük marağım yaranmışdı. “Maarifçi” proqramını qarşıma çıxan zaman onu bu iki vacib istiqaməti: təhsil və analitikanı uğurla sintez edə biləcəyim mükəmməl bir imkan kimi gördüm və müraciət etdim.

- Proqrama başlamazdan əvvəlki gözləntiləriniz nə idi və nə dərəcədə özünü doğrulda bildi?

- Əsas gözləntim real iş prosesini daxildən görmək, nəzəriyyədə öyrəndiklərimi praktikada tətbiq etmək və peşəkar mühitdə formalaşmaq idi. Qürurla deyə bilərəm ki, bu gözləntilərimin böyük hissəsi artıq özünü doğrulub. Mənim üçün ən dəyərli məqam real məlumatlarla işləmək, tapşırıqlara analitik bucaqdan yanaşmaq və hazırladığım təhlillərin qərarvermə prosesində necə mühüm rola malik olduğunu canlı izləmək oldu.

- Riyaziyyat təhsili almağınız bu analitik prosesdə sizə kömək etdimi? Universitet biliklərinizin nə dərəcədə faydasını gördünüz?

- Bəli, çox böyük faydası oldu. Universitetdə əldə etdiyim riyazi və analitik düşüncə bacarıqları real iş prosesinə tez adaptasiya olunmağımda müstəsna rol oynadı. Xüsusilə məlumatları sistemləşdirmək, müqayisələr aparmaq və əldə olunan nəticələr əsasında doğru, obyektiv yekunlar formalaşdırmaqda bu bazadan geniş istifadə etdim.

- Təcrübə proqramı təhsil sisteminə və dövlət idarəçiliyinə olan baxışınızı necə dəyişdi?

- Əvvəllər təhsil sistemini daha çox müəllim və təhsilalan perspektivindən qiymətləndirirdimsə, proqram çərçivəsində bu nəhəng sistemə daha geniş və əhatəli baxış bucağı qazandım. Anladım ki, təhsildə qəbul edilən hər bir qərarın arxasında böyük həcmdə məlumat toplanması, monitorinqlər, dərin təhlillər və ciddi koordinasiya dayanır. Müxtəlif struktur bölmələrin bir-biri ilə necə sıx və əlaqəli işlədiyini görmək dövlət idarəçiliyinin məsuliyyətini və miqyasını mənə daha dərindən hiss etdirdi.

- Bəs bu dinamik mühitdə qarşılaşdığınız ən böyük çətinlik nə oldu və onunla necə mübarizə apardınız?

- Ən böyük çətinliyim iş tempinə uyğunlaşmaqla bağlı idi. Real iş mühitində bəzən eyni vaxtda bir neçə tapşırığın icrası və nəticənin qısa müddətdə, həm də tam dəqiq təqdim olunması tələb edilir. Bu isə həm sürətli işləməyi, həm də maksimum diqqətli olmağı tələb edir.

İlk mərhələdə bu tempə öyrəşmək mənim üçün müəyyən qədər çətin olsa da, zamanla tapşırıqları doğru prioritetləşdirməyi, zamanı planlamağı və sürətlə dəqiqlik arasında sağlam balans yaratmağı öyrəndim.

- Yekun olaraq, bu təcrübə şəxsi və peşəkar inkişafınıza konkret olaraq nə qazandırdı?

- Proqramın mənə verdiyi ən böyük töhfə işə daha planlı və sistemli yanaşma bacarığı oldu. Tapşırıqları strukturlaşdırmaq və vaxtı səmərəli idarə etmək vərdişim xeyli inkişaf etdi.

Şəxsi keyfiyyətlər baxımından fərqli insanlarla ünsiyyət qurmaq, fikirlərimi aydın ifadə etmək və komandada işləmək məsələsində özümə inamım artdı. Texniki tərəfdən isə Excel, Power BI və məlumat analitikası bacarıqlarımı real keyslər üzərində işləyərək təkmilləşdirdim. Qısası, proqram həm hard, həm də soft skill-lərimin inkişafına əhəmiyyətli töhfə verdi.

- Siz bu il həm də magistratura pilləsinə qəbul olmusunuz. Proqramın konsepti ilə şəxsi seçiminiz arasında bir üst-üstə düşmə var, elə deyilmi?

- Bəli, tamamilə haqlısınız. Həyatda təsadüflərə çox inanmasam da, bu il magistratura ixtisasımı Kompüter elmləri üzrə seçməyim və “Maarifçi” proqramının məhz “Rəqəmsal gələcək” devizi ilə keçirilməsi mənim üçün xüsusi bir məna kəsb etdi. Texnologiyanın sürətlə inkişaf etdiyi və bütün proseslərin rəqəmsallaşdığı bir dövrdə data analitika üzrə öyrəndiyim bacarıqları real iş nümunələri üzərində tətbiq edərək möhkəmləndirmək imkanı qazandım. Düşünürəm ki, bu təcrübə peşəkar fəaliyyətimdə atdığım ən uğurlu addımlardan biridir.

- Təlim və görüşlər zamanı sizi ən çox təəccübləndirən və yadda qalan nə oldu?

- Görüş və təlimlərin mənə düşündüyümdən dərin təsir etməsi oldu. Müxtəlif mütəxəssisləri dinlədikcə onların təcrübəsindən yeni fikirlər götürür, bəzən özüm üçün əvvəldən heç ağlıma gəlməyən istiqamətlər kəşf edirdim. Bu görüşlər mənə öyrətdi ki, karyera ilə bağlı hər şeyi əvvəlcədən 100% dəqiq bilmək məcburiyyətində deyilsən. Əsas məsələ qarşına çıxan imkanları vaxtında görmək və onlardan maksimum yararlanmaqdır. Bu baxımdan proqram məndə həm gələcək qərarlarımda inam, həm də fırsətlərə operativ reaksiy vermək motivasiyası yaratdı.

- Gələcək karyeranızla bağlı planlarınız necədir? Özünüzü Elm və Təhsil Nazirliyi sistemində görürsünüzmü?

- Proqram hələ davam etdiyi üçün indidən konkrekt fikir bildirmək bəlkə də tez olardı. Lakin “Öz gələcəyinizi burada görürsünüzmü?” sualına cavabım şüphəsiz ki, “bəli”dir. Həyatımda təhsil həmişə xüsusi yer tutub və bu sahənin müxtəlif tərəflərində olmaq mənim üçün çox doğma və maraqlıdır. İndi isə qazandığım yeni rəqəmsal bilik və bacarıqları təhsil sektoru ilə birləşdirərək, inkişafımı Elm və Təhsil Nazirliyi sistemi daxilində davam etdirmək mənim üçün çox dəyərli bir perspektivdir.

- Son olaraq, gənclərə və sizin kimi təcrübə proqramlarına qoşulmaq istəyənlərə nə məsləhət görərdiniz?

- Tövsiyə edərdim ki, özlərini yalnız təhsil aldıqları dar ixtisas sahəsi ilə məhdudlaşdırmasınlar və imkan yaranan kimi real iş mühitində özlərini sınasınlar. Çünki insan hansı istiqamətdə inkişaf etmək istədiyini yalnız həmin işə praktiki olaraq toxunduqdan sonra dəqiq anlayır. “Maarifçi” proqramı mənə məhz bu imkanı verdi - həm öyrənmək, həm özümü sınamaq, həm də gələcək karyera xəritəmi aydın görmək şansı.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər