Menyu

“Maarifçi” proqramı gələcək karyera hədəflərimə çatmaq üçün mühüm imkandır – İştirakçı

Ayşən Sadıxzadə
“Maarifçi” proqramı gələcək karyera hədəflərimə çatmaq üçün mühüm imkandır – İştirakçı

Gənclərin dövlət idarəçiliyində və təhsil sistemində peşəkar kimi yetişməsi yalnız nəzəri biliklərlə deyil, birbaşa real iş mühitində qazanılan praktiki təcrübə ilə mümkündür. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Maarifçi” proqramı da iddialı və həvəsli gənclərə dövlət qulluğu sahəsində ilk addımlarını atmaq, məsuliyyətli öhdəliklər götürmək və peşəkar bacarıqlarını cilalamaq üçün mühüm imkanlar yaradır.

Proqramın iştirakçılarından biri də gələcək karyerasını təhsil sahəsində dövlət qulluqçusu kimi görmək istəyən Səlim Səlimovdur. 

Operativ Media “Maarifçi” proqramının iştirakçısı Səlim Səlimov ilə müsahibəni təqdim edir:

- Səlim bəy, ilk olaraq "Maarifçi" proqramına qoşulmaqda gözləntiləriniz nə idi?

- Gələcək karyeramı təhsil sahəsində dövlət qulluqçusu olaraq qurmaq məqsədim bu proqram əsas motivasiyam oldu. Təhsil sahəsində çalışmaq və dövlət qulluğu istiqamətində özümü inkişaf etdirmək istəyirdim. Proqramı həm təcrübə qazanmaq, həm də gələcək karyera hədəflərimə bir addım daha yaxınlaşmaq üçün yaxşı imkan kimi dəyərləndirdim. Əsas gözləntim isə real iş mühitində təcrübə toplamaq idi. Mənim üçün vacib məqamlardan biri digər əməkdaşlardan fərqlənmədən, iş prosesinin tam bir hissəsi kimi öhdəliklərimi yerinə yetirmək və həmin işin məsuliyyətini daşımaq idi. Proqram bu gözləntilərimi tam doğrultdumu desəm, yanılmaram.

- Proqram çərçivəsində hansı şöbədə fəaliyyət göstərdiniz və hansı konkret iş təcrübəsi qazandınız?

- Vətəndaşların qəbulu otağında fəaliyyət göstərdim. Buna görə də əsasən vətəndaş müraciətləri ilə işləmək və onların düzgün cavablandırılması istiqamətində mühüm təcrübə qazandım. Vətəndaşlarla birbaşa ünsiyyət qurmaq, onların müraciətlərini dinləmək, məsələnin mahiyyətini düzgün anlamaq və uyğun şəkildə cavablandırmaq mənim üçün çox dəyərli oldu. Əsasən təhsil sahəsində inzibati-təşkilati fəaliyyət, vətəndaş müraciətlərini şifahi formada peşəkar şəkildə cavablandırmaq və onlarla düzgün kommunikasiya qurmaq bacarıqlarımı təkmilləşdirdim.

- Proqram dövründə uyğunlaşma prosesi necə keçdi? Hər hansı çətinliklə qarşılaşdınızmı?

- “Maarifçi” proqramından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərmişdim. Bu səbəbdən proqrama başladıqdan sonra böyük bir çətinliklə qarşılaşmadım. Əvvəlki təcrübəm real iş mühitinə və iş prosesinə daha asan uyğunlaşmağıma böyük kömək etdi. Qarşıma çıxan məsələlərin öhdəsindən də həmin təcrübədən və qazandığım bacarıqlardan istifadə etməklə gəldim.

- Universitetdə öyrəndiyiniz nəzəri bilikləri təcrübədə tətbiq edə bildinizmi? Sizin üçün universitet təhsili ilə real iş mühitinin əsas fərqi nə oldu?

- Əlbəttə, nəzəri biliklərimdən mütləq istifadə edirəm. Xüsusilə tapşırıqların yerinə yetirilməsi, hər hansı problemlə qarşılaşdıqda onun idarə olunması və düzgün qərarların verilməsi zamanı bu biliklər köməyimə çatır. Nəzəriyyə situasiyaları daha düzgün qiymətləndirməyə imkan verir. Əsas fərq də elə bundadır: universitetdə əldə etdiyimiz biliklər nəzəri xarakter daşıyır, real iş prosesində isə həmin bilikləri konkret situasiyalarda tətbiq etmək, məsuliyyət daşımaq və bəzən qısa müddətdə qərar vermək lazım gəlir. Real iş mühiti mənə öyrəndiklərimin praktiki əhəmiyyətini daha yaxşı anlamağa imkan verdi.

- Müasir iş mühitində rəqəmsal bacarıqlar xüsusi önəm daşıyır. Bu istiqamətdə özünüzü necə inkişaf etdirdiniz?

- Dövlət qurumunda real iş mühitində fəaliyyət göstərmək rəqəmsal bacarıqlardan istifadə etməyi və onları inkişaf etdirməyi qaçılmaz edir. İş prosesində müxtəlif rəqəmsal alətlərdən istifadə edirik ki, bu da bacarıqların praktiki şəkildə inkişafına imkan yaradır. Düşünürəm ki, real iş mühitinin yaradılması özü rəqəmsal bacarıqların inkişafı üçün imkanların bir hissəsidir. Eyni zamanda, iştirakçılar da bu imkanlardan maksimum yararlanmalıdırlar. Xüsusilə süni intellektdən düzgün və səmərəli istifadə istiqamətində özümüzü daha çox inkişaf etdirməliyik.

- Səlim bəy, gələcək karyera planlarınız necədir? Özünüzü hansı qurumda görürsünüz?

- Gələcək karyeramı Elm və Təhsil Nazirliyi sistemində davam etdirmək istəyirəm. Əsas hədəfim Qarabağ Regional Təhsil İdarəsində və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) fəaliyyətimi davam etdirməkdir. 

- Son olaraq, gənclərə “Maarifçi” kimi proqramlara qoşulmağı tövsiyə edirsinizmi?

- Birmənalı olaraq bəli. Belə proqramlar gənclərə dövlət qurumunda real iş mühitini görmək, işləyərək öyrənmək və özlərini peşəkar baxımdan inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, müxtəlif mövzularda keçirilən inkişaf təlimlərində ödənişsiz iştirak etmək, yeni biliklər qazanmaq imkanınız olur. Bundan əlavə, Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli dövlət qulluqçularından tövsiyələr və peşəkar istiqamətdə dəyərli məsləhətlər almaq da böyük təcrübədir. “Maarifçi” kimi proqramlar gələcək karyerasını formalaşdırmaq və dövlət qulluğunda özünü sınamaq istəyən gənclər üçün çox yaxşı başlanğıcdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər