Tarixi Yerlər və Abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib
4-5 sentyabr 2026-cı il tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində AMEA Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan arxeoloqu Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş “Tarixi Yerlər və Abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Bu barədə Operativ Media-ya İnstitutdan məlumat verilib.
Simpoziumun proqramı arxeologiya, tarixi-memarlıq irsi, epiqrafika, muzey işi, mədəni irs turizmi, yerli icmalar və mədəni irsin davamlı inkişafı kimi müxtəlif istiqamətləri əhatə edib.
Simpoziumun ilk günü tədbirləri 4 sentyabrda Basqal Resort Hoteldə təşkil olunub. Açılış mərasimində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev giriş sözü ilə çıxış edib. Açılışda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Simpoziumun Təşkilat Komitəsinin sədri Fariz Xəlilli, Türkiyənin Mersin Arxeologiya Muzeyindən Funda Yüksel Özer və Fazil Osmanovun ailəsi adından oğlu Lətif Osmanov çıxış ediblər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev çıxışında Fazil Osmanovun zəngin elmi irsindən, Azərbaycan arxeologiyasının inkişafına verdiyi töhfələrdən və uzun illər ərzində apardığı arxeoloji tədqiqatların əhəmiyyətindən danışıb. O, Fazil Osmanovun elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə yanaşı, arxeoloqun ailəsinin onun xatirəsinə göstərdiyi diqqət və ehtiramı xüsusi qeyd edib. Fərhad Quliyev “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin simpoziumun regionda – Fazil Osmanovun elmi fəaliyyətinin bağlı olduğu tarixi-mədəni mühitdə keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, həmçinin Fazil Osmanovun elmi irsinin sistemləşdirilməsi istiqamətində görülən işlərə, o cümlədən alimin seçilmiş əsərlərinin kitab halında nəşrə hazırlanmasına diqqət çəkib.
Akademik İsa Həbibbəyli isə tanınmış Azərbaycan arxeoloqlarının elmi irsinə həsr edilmiş belə simpoziumların keçirilməsini təqdir edib. O, Fazil Osmanovun, xüsusilə Qafqaz Albaniyasının arxeoloji irsinin tədqiqinə verdiyi töhfələrin Azərbaycan tarixşünaslığı və arxeologiyası üçün əhəmiyyətini vurğulayıb. Akademik son illərdə Azərbaycan arxeologiyasında həyata keçirilən müsbət işlərdən, arxeoloji tədqiqatların genişləndirilməsinin və elmi nəticələrin ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən bəhs edib. İsa Həbibbəyli simpoziumun Bakı ilə məhdudlaşmayaraq regionda, tarixi abidələr və arxeoloji irslə zəngin İsmayıllı rayonunda keçirilməsini də mühüm təşəbbüs kimi qiymətləndirib.
Elmi proqramın birinci bölməsi “Fazil Osmanovun elmi irsi və Qafqaz Albaniyasının arxeologiyası” mövzusuna həsr olunub. Bölmədə professor Qafar Cəbiyev, professor Hidayət Cəfərov, dosent Sevinc Qasımova, dosent Məhfuzə Zeynalova, Dr. Aida İsmayılova və Kəmalə Məmmədova Fazil Osmanovun elmi irsi, Qafqaz Albaniyası və Qarabağ abidələrinin tədqiqi, Mollaisaqlı materialları və Nüydi dəbilqəsi ilə bağlı məruzələrlə çıxış ediblər.
“Arxeoloji tədqiqatlar, tarixi yerlər və mədəni landşaft” adlı ikinci bölmədə Türkiyədə zəlzələdən zərər görmüş irs abidələrinin bərpa və konservasiya təcrübəsindən Son Tunc-Erkən Dəmir dövrünün qəbir abidələrinə, tarixi toponimlərdən İsmayıllı və Ağsunun arxeoloji irsinə, arxeoastronomiyadan Şabranın arxeoloji və memarlıq abidələrinə qədər geniş mövzular müzakirə olunub.
Simpoziumun üçüncü bölməsi “Tarixi-memarlıq, dini və epiqrafik irs” mövzusunda keçirilib. Burada Sulut çayı hövzəsinin tarixi-memarlıq irsi, Basqal məscidlərinin epiqrafik irsi, Basqaldan aşkar edilmiş 1931-ci ilə aid ərəb qrafikalı kəbin-cehiz sənədi, müxtəlif tarixi tikililərin bərpası və konservasiyası, Həzrət Baba ziyarətgahının tarixi-arxeoloji konteksti, Lahıcın Bədöyün məscidi, tarixi Sulut məscidinin konservasiya və istifadə layihəsi və digər mövzular təqdim olunub.
Günün sonuncu - “Muzeylər, mədəni irs turizmi, yerli icmalar və mədəni irsin davamlı inkişafı” bölməsində muzeylərin mədəni irs turizminə töhfəsi, mədəni irsin sosiallaşması, muzeylərin milli-mədəni irsin qorunmasındakı rolu, arxeoloji abidələrin turizm marşrutlarına inteqrasiyası, Dağlıq Şirvanda arxeoloji turizmin perspektivləri, yerli həyat tərzi və mədəni irs münasibətləri kimi məsələlər müzakirə edilib.
Simpoziumun mühüm xüsusiyyətlərindən biri elmi müzakirələrin yalnız konfrans zalı ilə məhdudlaşmaması, tarixi-mədəni landşaftın bilavasitə yerində öyrənilməsi ilə davam etdirilməsi olub. Sentyabrın 5-də iştirakçılar üçün Sulut kəndində elmi-ekskursiya proqramı təşkil edilib. Proqrama Sulut kəndinin tarixi və mədəni landşaftı, Sulut məscidi, Sulut buzxanası, Mustafa xanın Hərəm qalası, Fazil Osmanovun evi, Basqal qəsəbəsində Şeyx Məhəmməd məscidi arxeoloji tədqiqatları və arxeoloji konservasiya təcrübəsi, “Nuğay” Qeyri Maddi Mədəni İrs Turizmi Mərkəzi ilə tanışlıq daxil edilib.
Simpozium çərçivəsində ayrıca onlayn elmi proqram da hazırlanıb. Əvvəlcədən təqdim edilmiş videoməruzələr sentyabrın 5-də Simpoziumun YouTube kanalında yayımlanıb. Onlayn proqramda Fazil Osmanovun Azərbaycan arxeologiyasındakı rolu və muzey kolleksiyasından Nüydü sikkə dəfinəsinə, Bərdənin ilk orta əsr şəhər quruluşundan Qarabağın Alban dövrü dini abidələrinin turizm aspektlərinə, Şamaxının şəhər mədəniyyətindən muzeylərin beynəlxalq markalaşmadakı roluna və mədəni irsin müasir həyat tərzi ilə münasibətlərinə qədər müxtəlif mövzular təqdim edilib.
İki günlük Simpozium arxeoloqları, tarixçiləri, muzeyşünasları, memarlıq və mədəni irs üzrə mütəxəssisləri, ali məktəb və elmi müəssisələrin nümayəndələrini bir araya gətirərək Fazil Osmanovun elmi irsinin yenidən qiymətləndirilməsi, Azərbaycanın tarixi yerlərinin və abidələrinin tədqiqi, qorunması və cəmiyyətə təqdim olunması istiqamətində fikir mübadiləsi üçün elmi platforma yaradıb.
Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş VI Beynəlxalq Sulut Simpoziumu eyni zamanda onun uzun illər tədqiq etdiyi Şirvan arxeoloji irsinin və tarixi-mədəni landşaftının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Simpoziumun Basqal və Sulutda keçirilməsi elmi müzakirələrin tədqiqat obyektlərinin yerləşdiyi tarixi mühitlə əlaqələndirilməsinə imkan verib.
dəqiqələr içində saytın olsun.