Ülvi Mehdiyev: ASAN modeli 40-dan çox ölkədə tətbiq olunur
“ASAN xidmət modeli Azərbaycanın innovativ yanaşmasının beynəlxalq inkişaf əməkdaşlığında konkret alətə çevrilməsinin güclü nümunəsidir”.
Operativ Media xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Ülvi Mehdiyev AIDA-nın 15 illiyinə həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, Azərbaycan son onilliklərdə humanitar yardım və inkişaf əməkdaşlığı sahəsində etibarlı tərəfdaşa çevrilib. Mehdiyevin sözlərinə görə, ölkənin yardım alan dövlətdən donor ölkəyə keçidi inkişafın ortaq məsuliyyət olduğu yanaşmasını əks etdirir.
Sosial Xidmətlər Agentliyinin sədri ASAN xidmət modelinin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu model dövlət xidmətlərində səmərəlilik, şəffaflıq və innovasiyanı təşviq edir.
Mehdiyev qeyd edib ki, ASAN xidmət 2015-ci ildə BMT-nin Dövlət Xidməti Mükafatına, 2019-cu ildə isə rəqəmsal dövlət xidmətlərinin göstərilməsində innovasiyanın təşviqinə görə BMT-nin xüsusi mükafatına layiq görülüb.
Onun sözlərinə görə, hazırda ASAN konsepsiyası dörd qitədə 40-dan çox ölkə ilə paylaşılır. Pakistan, İndoneziya, Efiopiya, Uqanda, Özbəkistan və Əfqanıstanda ASAN modelinə əsaslanan dövlət xidmətləri mərkəzləri yaradılıb.
Mehdiyev bildirib ki, dünyada 600-dən çox mərkəz ASAN modeli əsasında fəaliyyət göstərir və 80 milyondan çox insana xidmət göstərir.
O əlavə edib ki, 2024-cü ildə BMT ilə Azərbaycan Hökuməti arasında etimad fondunun yaradılması ASAN modelinin inkişaf əməkdaşlığı çərçivəsində daha geniş yayılması baxımından mühüm təşəbbüs olub.
Mehdiyevin sözlərinə görə, ASAN rəqəmsal transformasiya, korrupsiyaya qarşı mübarizə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və insan hüquqlarının təmin olunması baxımından mühüm vasitədir.
Sədr Azərbaycanın bu təcrübəni daha çox tərəfdaş ölkə ilə bölüşməyə və beynəlxalq əməkdaşlığı davam etdirməyə sadiq olduğunu vurğulayıb.
dəqiqələr içində saytın olsun.