Yardımlıda ilk Tunc dövrünə aid kurqanda qazıntılar aparılıb
AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” Yardımlı rayonu ərazisindəki Ökü kurqanlarından birində arxeoloji qazıntıları başa çatdırmışdır.
Bu barədə Operativ Media-ya İnstitutdan məlumat verilib.
İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi altında aparılmış arxeoloji qazıntılar nəticəsində kurqan üzərində maraqlı dəfn adətləri müəyyən edilmişdir.
Ökü kurqanları Yardımlı-Arvana şosse yolunun sağ tərəfində, yoldan 1,5 km şimal-şərqdə, Qayabaşı adlanan hündür dağ silsiləsinin ətəyində yerləşir. Dəniz səviyyəsindən 1650 metr yüksəklikdə olan kurqanın qazıntısı zamanı müəyyən edilmişdir ki, bu, nisbətən alçaq təbii təpə üzərində qaya daşları ilə sıx örtülmüş qəbir abidəsidir. Arxeoloji qazıntılar nəticəsində şərq və cənub-şərq tərəfdə, bir-birinə yaxın beş insan dəfni üzə çıxmışdır. Ərazinin sərt torpaq relyefi və ümumi landşaftı buradakı dəfnlərin dayaz qazılmış qəbir kameraları ilə tamamlanmışdır.
Qəbirlər bir qayda olaraq insan dəfnlərinin ətrafı boyu daş düzülməklə salınmışdır. Maraqlı xüsusiyyət isə dəfnlərin müxtəlif tipdə olmasıdır. Burada sağ yanı üstə sıx bükülü, arxası üstə uzadılmış və hətta dik basdırılmış gil qabın içərisində parçalanaraq dəfn edilmiş insan skeletlərinə də təsadüf olunmuşdur. Analoji dəfnlər 2019-cu ildə Yardımlının Komanı yaylaqlarında da qazılaraq tədqiq edilmişdir.
Ökü kurqanının arxeoloji materialları əsasən qırmızı rəngli, qum tərkibli və “ələ bulanan” xassəli keramika ilə müşayiət olunan qablardır. Fraqmentlər halında tapılmasına baxmayaraq, qabların tipoloji təsvirini asanlıqla müşahidə etmək olur. Bunlar küpə, kuzə və miniatür qab qırıqlarıdır. Kurqanın ən maraqlı xüsusiyyəti isə burada daşdan yonulmuş insan bütləri və digər əmək alətləridir. Qəbirlərin baş tərəfindəki bəzi qaya daşları üzərindəki qazıma üsulunda həndəsi motivli işarələr və “həyat ağacı” təsviri gələcəkdə Ökü abidələrinin xüsusiyyətlərini daha dərindən öyrənməyə imkan verəcəkdir.
dəqiqələr içində saytın olsun.