Milli sənətkarlıq ənənələrini gələcək nəsillərə necə ötürmək olar? - TƏHLİL
Xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayıçılıq və milli geyim sənəti Azərbaycan xalqının əsrlər boyu formalaşan zəngin mədəni irsinin mühüm tərkib hissəsidir. Bu sənət növləri yalnız gündəlik məişət ehtiyaclarını ödəyən vasitələr deyil, həm də xalqın tarixini, dünyagörüşünü, estetik zövqünü, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan mədəni sərvətlərdir. Nəsildən-nəslə ötürülən naxışlar, rənglər, hazırlanma texnikaları və sənətkarlıq üsulları keçmişlə bu gün arasında mənəvi bağ yaradır, milli yaddaşın qorunmasına xidmət edir. Lakin müasir həyat tərzinin dəyişməsi, qloballaşma, sənaye istehsalının genişlənməsi və gənclərin ənənəvi sənət sahələrinə marağının azalması bu irsin gələcəyi ilə bağlı mühüm suallar doğurur.
Bu gün milli sənətkarlıq ənənələrini qorumaq üçün yalnız tarixi nümunələri mühafizə etmək və onları muzeylərdə nümayiş etdirməklə kifayətlənmək mümkün deyil. Ənənəvi sənətlərin yaşaması üçün onların gündəlik həyatla əlaqəsi qorunmalı, gənc nəslin bu sahələrə marağı artırılmalı, ustad-şagird ənənəsi davam etdirilməli və müasir texnologiyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Eyni zamanda, sənətkarların fəaliyyətinin dəstəklənməsi, əl işlərinin bazara çıxış imkanlarının genişləndirilməsi və milli sənətkarlıq nümunələrinin beynəlxalq səviyyədə tanıdılması da xüsusi əhəmiyyət daşıyır.
Bəs milli sənətkarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi üçün hansı addımlar atılmalıdır? Ənənə ilə müasirliyi necə uzlaşdırmaq, gənclərin qədim sənət növlərinə marağını necə artırmaq olar? Milli irsin qorunmasında dövlətin, təhsil müəssisələrinin, muzeylərin, sənətkarların və bütövlükdə cəmiyyətin üzərinə hansı vəzifələr düşür?
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Operativ Media-ya bildirib ki, ənənələri qorumaq üçün onları yalnız danışmaq və ya muzeylərdə nümayiş etdirmək kifayət deyil. Ənənənin yaşaması üçün o, gündəlik həyatın bir hissəsi olaraq qalmalı və müasir insanın həyatında özünə yer tapmalıdır.
Onun sözlərinə görə, Azərbaycan xalçaçılığı bu baxımdan diqqətəlayiq nümunədir. Keçmişdə xalçanın hazırlanması sadəcə sənətkarlıq prosesi deyil, bütöv bir həyat tərzinin, ailə və ictimai münasibətlərin ayrılmaz hissəsi idi. Kişilər qoyunları qırxır, qadınlar yunu emal edir, iplik əyirir, onu təbii boyalarla rəngləyir və xalça toxuyurdular. Bu prosesdə müxtəlif nəsillər iştirak edir, bilik və bacarıqlar təbii şəkildə böyüklərdən kiçiklərə ötürülürdü. Beləliklə, xalçaçılıq yalnız sənət növü kimi deyil, həm də xalqın kollektiv yaddaşının, dünyagörüşünün və mənəvi dəyərlərinin daşıyıcısı kimi yaşayırdı.
Bu gün həyat tərzinin, gündəlik vərdişlərin və ehtiyacların dəyişməsi ənənələrin qorunmasına yeni yanaşma tələb edir. Ənənəvi sənətləri müasir insana anlaşıqlı, maraqlı və əlçatan vasitələrlə təqdim etmək, xüsusilə gənc nəslin maraq və düşüncə tərzini nəzərə almaq vacibdir. Bunun üçün gənclərlə onların alışdıqları ünsiyyət vasitələri və platformalar üzərindən dialoq qurulmalıdır.
Əminə Məlikova qeyd edib ki, Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətinin mühüm istiqamətlərindən biri də ənənəvi sənətlərin canlı şəkildə yaşadılmasıdır. Muzey bu məqsədlə yalnız ekspozisiya zallarında nümayişlə kifayətlənmir, müxtəlif sərgilər, ustad dərsləri, mühazirələr və maarifləndirici proqramlar təşkil edir. Ziyarətçilərə, xüsusilə uşaqlara və gənclərə ənənəvi sənət növləri ilə yaxından tanış olmaq, yaradıcılıq prosesində bilavasitə iştirak etmək imkanı yaradılır. Çünki insanın öz əlləri ilə toxuduğu bir neçə ilmə bəzən xalça sənətinin mahiyyətini uzun mühazirələrdən daha təsirli şəkildə anlamağa kömək edir.
Muzey direktorunun fikrincə, ənənələrin qorunmasında onların yaranma səbəblərini və əsrlər boyu yaşamasını təmin edən amilləri izah etmək də mühüm əhəmiyyət daşıyır. Ənənələr təsadüfən meydana gəlməyib. Onlar yüzilliklər ərzində formalaşaraq insanların və cəmiyyətin real ehtiyaclarına cavab verib, məişətin təşkilinə, ailə münasibətlərinin möhkəmlənməsinə, nəsillərarası bağların qorunmasına, ətrafda gözəllik və harmoniya yaradılmasına xidmət edib.
Əminə Məlikova hesab edir ki, ənənələrin mahiyyəti düzgün dərk olunarsa, onların arxasında dayanan dəyərləri insanlara çatdırmaq və müasir həyatda onlara yeni yer qazandırmaq mümkün olar. Bu halda zəngin mədəni irs bu gün də insanların həyatını daha dolğun, mənalı və xoşbəxt edə bilər. Ənənəni qorumağın ən doğru yolu onu yalnız keçmişin yadigarı kimi deyil, bu günün və gələcəyin də dəyəri kimi yaşatmaqdır.
Müasir həyat tərzinin ənənəvi sənətkarlığa təsirinə toxunan Əminə Məlikova düşünür ki, məsələyə yalnız texnologiyaların inkişafı prizmasından yanaşmaq düzgün olmaz. Texnologiyalar insan həyatına yeni imkanlar gətirsə də, cəmiyyətin gündəlik vərdişləri və həyat ritmi də dəyişib.
Bu gün insanlar əvvəlki dövrlərlə müqayisədə evdə daha az vaxt keçirirlər. Gündəlik həyat iş, görüşlər, müxtəlif fəaliyyətlər və böyük informasiya axını ilə müşayiət olunur. Nəticədə bir zamanlar məişətin ayrılmaz hissəsi olan bir çox ənənə əvvəlki praktik əhəmiyyətini müəyyən qədər itirib.
Məsələn, keçmişdə xalçaçılıq bir çox Azərbaycan ailəsinin gündəlik həyatının tərkib hissəsi idi. Bu gün isə müasir qadının iş günündən sonra saatlarla xalça dəzgahı arxasında oturaraq xalça toxumasını gözləmək real yanaşma deyil. Lakin bu, xalçaçılıq ənənəsinin əhəmiyyətini itirməsi və ya yox olmağa məhkum olması demək deyil.
Burada mühüm bir məqam nəzərə alınmalıdır: ənənəni qorumaq keçmiş həyat tərzini olduğu kimi təkrarlamaq demək deyil. Cəmiyyəti süni şəkildə keçmişə qaytarmaq nə mümkündür, nə də buna ehtiyac var. Əsas məqsəd ənənələrin daşıdığı bilikləri, sənətkarlıq bacarıqlarını, estetik prinsipləri, mənəvi dəyərləri və mədəni yaddaşı qoruyaraq gələcək nəsillərə ötürməkdir.
Bu baxımdan müasir texnologiyalar ənənələrin qorunması və təbliği üçün geniş imkanlar yaradır. Rəqəmsal platformalar, sosial şəbəkələr, virtual sərgilər, interaktiv proqramlar və yeni bədii ifadə vasitələri milli-mədəni irsi daha geniş auditoriyaya təqdim etməyə imkan verir. Bu imkanlar xüsusilə gənc nəslin diqqətini ənənəvi sənətə yönəltmək baxımından əhəmiyyətlidir.
Yeni texnologiyalar ənənəvi sənətin yalnız təbliğinə deyil, onun müasir bədii təfsirinə də şərait yaradır. Bu gün xalça ornamentləri rəqəmsal incəsənətdə, müasir dizaynda, memarlıqda və digər yaradıcı sahələrdə yeni ifadə formaları qazanır. Beləliklə, əsrlər boyu formalaşmış bədii dil öz mahiyyətini qorumaqla yanaşı, yeni dövrün estetik tələbləri ilə də qarşılıqlı əlaqəyə girir.
Bununla belə, texnologiyalar ənənəvi sənəti əvəz etməməli, onu tamamlamalıdır. Əl əməyinin, ustad sənətkarın təcrübəsinin, nəsildən-nəslə ötürülən biliklərin və yaradıcılıq prosesinin özünəməxsus mənəvi dəyəri var. Heç bir rəqəmsal texnologiya insanın öz əlləri ilə sənət əsəri yaratdığı zaman keçirdiyi hissləri, materialla birbaşa təmasını və əsərə verdiyi fərdi ruhu tam əvəz edə bilməz.
Əminə Məlikovanın fikrincə, ənənələrin gələcəyi keçmişlə müasirliyin qarşıdurmasında deyil, onların qarşılıqlı əlaqəsində və ahəngdar vəhdətindədir. Ənənələr yalnız dəyişməz şəkildə qorunduqda deyil, yeni dövrün tələblərinə uyğun inkişaf etdikdə də yaşamağa davam edir. Çünki ənənəni qorumaq zamanı dayandırmaq deyil, əsrlər boyu toplanmış bilik və müdrikliyin dəyişən dünyada yaşamasını, yeni məna qazanmasını və insanlara fayda verməsini təmin etməkdir.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Ülviyyə Həmzəyeva isə hesab edir ki, Azərbaycan xalqının zəngin mədəni irsi, qədim tarixi və milli kimliyi əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrində öz əksini tapır:
"Xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayıçılıq və milli geyim bəzəkləri xalqımızın yaradıcılıq qabiliyyətini, estetik dünyagörüşünü və milli dəyərlərini yaşadan mühüm mədəni sərvətlərdir. Bu sənət növlərinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi milli mədəni irsin davamlılığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".
Deputat milli geyim ənənələrinin qorunmasına da xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, milli geyim xalqımızın ən bariz mədəniyyət nümunələrindən biridir və onun qorunaraq gələcək nəsillərə ötürülməsi vacibdir. Ülviyyə Həmzəyeva bir neçə il əvvəl milli geyimləri yaşatmaq və nümayiş etdirmək məqsədilə Milli Məclisin kürsüsündən “Milli geyim” festivalının keçirilməsini də təklif etdiyini xatırladıb.
O, Azərbaycan xalqına məxsus milli ornamentlərin, yeməklərin, geyimlərin, xalçaların və digər sənətkarlıq nümunələrinin mənimsənilərək başqa xalqların mədəni irsi kimi təqdim edilməsinə qarşı diqqətli olmağın vacibliyini də qeyd edib.
Ülviyyə Həmzəyevanın fikrincə, müasir dövrdə qloballaşma, texnologiyaların sürətli inkişafı və sənaye istehsalının genişlənməsi ənənəvi sənətkarlıq sahələri qarşısında yeni çağırışlar yaradır. Əl əməyinə əsaslanan məhsulların istehsalının azalması, peşəkar ustaların sayının getdikcə aşağı düşməsi və gənclərin bu sahələrə marağının zəifləməsi bir sıra qədim sənətlərin unudulması təhlükəsini artırır. Buna görə də milli sənətkarlıq ənənələrinin qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir.
İlk növbədə, ənənəvi sənətkarlıq sahələrində çalışan ustalara dövlət dəstəyinin artırılması vacibdir. Onların fəaliyyətlərini davam etdirmələri üçün güzəştli kreditlər, qrant proqramları, vergi güzəştləri və emalatxanaların yaradılması kimi mexanizmlər tətbiq oluna bilər. Deputatın qeyd etdiyinə görə, bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.
Eyni zamanda, sənətkarların hazırladıqları məhsulların daxili və beynəlxalq bazarlara çıxarılması üçün əlverişli şərait yaradılmalıdır. Milli sənətkarlıq nümunələrinin sərgilərdə, festivallarda və beynəlxalq tədbirlərdə nümayiş etdirilməsi Azərbaycanın mədəni irsinin dünyada daha geniş tanıdılmasına imkan verər. Dövlət tərəfindən müxtəlif pavilyonların zənginləşdirilməsi və sənətkarların beynəlxalq tədbirlərdə iştirakına dəstək göstərilməsi onların yaradıcılığını nümayiş etdirməsi və məhsullarını satışa çıxarması baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, deputat hesab edir ki, milli sənətkarlıq nümunələrinin daha münasib qiymətlərlə satışa çıxarılması və geniş istehlakçı kütləsi üçün əlçatan olması əl işlərinə tələbatı artıra bilər.
Ənənəvi sənətkarlıq sahələrinin qorunmasında qanunvericiliyin də mühüm rolu var. Sənətkarlıq nümunələrinin hüquqi müdafiəsinin gücləndirilməsi, onların mənşəyinin və həqiqiliyinin təsdiqlənməsi, saxta məhsulların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi vacibdir. Milli sənətkarlıq nümunələrinin coğrafi göstəricilərinin və müəllif hüquqlarının qorunması sənətkarların maraqlarının müdafiəsinə kömək edə bilər.
Bundan əlavə, qədim sənət növlərinin qorunması və inkişafı ilə bağlı xüsusi dövlət proqramlarının hazırlanması, sənətkarlıq irsinin inventarlaşdırılması və ustaların təcrübəsinin sənədləşdirilməsi də əhəmiyyətli addımlardır.
Milli sənətkarlığın gələcəyini müəyyən edən əsas amillərdən biri gənc nəslin bu sahələrə cəlb edilməsidir. Bu gün bir çox gənc ənənəvi sənətkarlığı iqtisadi baxımdan kifayət qədər cəlbedici peşə hesab etmir. Halbuki xalçaçılıq, misgərlik, dulusçuluq və kəlağayıçılıq yalnız mədəni irsin bir hissəsi deyil, həm də sahibkarlığın, turizmin və yaradıcı iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaradan sahələrdir.
Gənclərin milli sənətkarlığa marağını artırmaq üçün ümumtəhsil məktəblərində və peşə təhsili müəssisələrində müvafiq dərnəklərin, praktiki məşğələlərin və təlim proqramlarının təşkili məqsədəuyğundur. Şagird və tələbələrin təcrübəli ustaların emalatxanalarına cəlb edilməsi, sənətkarlıq sərgilərinə və festivallarına səfərlərin təşkili onların bu sahələrlə yaxından tanış olmasına şərait yarada bilər. Ali və peşə təhsili müəssisələrində ənənəvi sənətkarlığı müasir dizayn və texnologiyalarla birləşdirən proqramların yaradılması da mühüm nəticələr verə bilər.
Ustad-şagird ənənəsinin davam etdirilməsi milli sənətkarlığın yaşadılmasında xüsusi əhəmiyyət daşıyır. Əsrlər boyu sənətin sirləri ustadan şagirdə ötürülərək qorunub saxlanılıb. Bu ənənənin müasir dövrdə davam etdirilməsi üçün təcrübəli sənətkarların yanında ödənişli təcrübə proqramları təşkil edilməli, gəncləri həvəsləndirmək məqsədilə daha çox təqaüd verilməli və onların peşəkar inkişafı dəstəklənməlidir. Eyni zamanda, tanınmış ustaların bilik və təcrübələrinin videoarxivlər, elektron platformalar və tədris vəsaitləri vasitəsilə sənədləşdirilməsi gələcək nəsillər üçün mühüm mənbə rolunu oynaya bilər.
Milli sənətkarlığın iqtisadi baxımdan cəlbediciliyinin artırılması da vacib məsələlərdəndir. Bunun üçün sənətkarların elektron ticarət imkanlarından istifadəsi genişləndirilməli, milli məhsulların onlayn satışına dəstək göstərilməli və onların beynəlxalq bazarlara çıxışı asanlaşdırılmalıdır. Ənənəvi sənətkarlıq nümunələrinin müasir dizaynla birləşdirilməsi yeni məhsulların yaradılmasına və gənc istehlakçıların marağının artırılmasına kömək edə bilər. Bununla yanaşı, sənətkarlıq emalatxanalarının və qalereyaların turizm marşrutlarına daxil edilməsi turistlərə sənət əsərlərinin hazırlanma prosesini yaxından izləmək və milli mədəniyyətlə tanış olmaq imkanı verər.
Deputat vurğulayıb ki, ustaların sayının azalması və gənclərin bu peşələrə marağının zəifləməsi milli mədəni irsin gələcəyi üçün ciddi risklər yaradır. Çünki sənətkarlıq yalnız hazır məhsulun hazırlanmasından ibarət deyil. Bu sahəyə xüsusi texnikalar, naxışların mənası, rənglərin seçilməsi, materialların işlənməsi və nəsildən-nəslə ötürülən təcrübə daxildir. Həmin biliklərin daşıyıcısı olan ustaların fəaliyyətinin dayanması bəzi sənət sirlərinin birdəfəlik itirilməsi ilə nəticələnə bilər.
Digər tərəfdən, ənənəvi sənətkarlığın zəifləməsi milli kimliyin və mədəni müxtəlifliyin qorunmasına da mənfi təsir göstərir. Xalçaların naxışları, misgərlik nümunələrinin bədii xüsusiyyətləri, dulusçuluq məmulatlarının formaları və kəlağayıların rəng çalarları xalqımızın tarixi yaddaşını özündə yaşadır. Bu nümunələrin qorunması keçmişlə gələcək arasında mənəvi əlaqənin saxlanılması deməkdir.
Ülviyyə Həmzəyevanın qənaətinə görə, milli sənətkarlıq ənənələrinin qorunması yalnız dövlətin və ya ayrı-ayrı ustaların vəzifəsi deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Dövlət dəstəyi, təkmilləşdirilmiş qanunvericilik, müasir təhsil proqramları, ustad-şagird ənənəsinin gücləndirilməsi və rəqəmsal imkanlardan səmərəli istifadə bu sahələrin davamlı inkişafına xidmət edə bilər. Ənənə ilə müasirliyin vəhdətinin təmin edilməsi milli sənətkarlığın həm mədəni, həm də iqtisadi baxımdan inkişafına şərait yaradacaq.
Azərbaycanın zəngin sənətkarlıq irsinin yaşadılması, gənc nəslə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması milli-mənəvi dəyərlərin qorunmasına, ölkənin mədəni nüfuzunun yüksəlməsinə və gələcək nəsillərin öz tarixinə bağlılığının güclənməsinə mühüm töhfə verə bilər.
Azərbaycan Milli Xalça Muzeyinin İnformasiya proqramları və nəşriyyat fəaliyyəti şöbəsinin müdiri Ülvinə Fərzəliyeva da milli ənənələrin qorunmasının onları yalnız keçmişin mirası kimi deyil, bu günün və gələcəyin ayrılmaz hissəsi kimi qəbul etməkdən başladığını düşünür.

Onun fikrincə, mədəni irsin yaşadılmasının ən vacib şərti onun müasir insan üçün də mənalı və cəlbedici olmasıdır. Xalça sənəti yalnız toxuculuq texnikası deyil, xalqımızın dünyagörüşünü, estetik zövqünü, yaddaşını və həyat fəlsəfəsini özündə birləşdirən zəngin mədəni dildir. Bu irsi gələcək nəsillərə ötürmək üçün uşaqları və gəncləri milli sənətlə erkən yaşlardan tanış etmək, onları muzeylərə, yaradıcılıq emalatxanalarına və interaktiv təlimlərə cəlb etmək lazımdır.
Ülvinə Fərzəliyeva bildirib ki, əsas məqsəd milli irsi gənc nəslə sadəcə keçmişdən qalan dəyər kimi deyil, qürur duyacaqları, yaradıcı şəkildə inkişaf etdirə biləcəkləri və gələcəyə daşıyacaqları canlı sərvət kimi təqdim etməkdir. Çünki milli ənənələr yalnız qorunduğu zaman deyil, yeni nəsillərin həyatında özünə yer tapdığı zaman həqiqətən yaşayır.
Onun sözlərinə görə, ənənələri qorumaq onları dəyişməz saxlamaq deyil, mahiyyətini qoruyaraq yeni dövrün tələblərinə uyğun yaşatmaqdır. Müasir həyat tərzi və texnologiyaların inkişafı bu baxımdan geniş imkanlar yaradır. Rəqəmsal platformalar, virtual sərgilər, 3D modelləşdirmə və interaktiv tətbiqlər milli irsi daha geniş auditoriyaya, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan insanlara çatdırmağa imkan verir. Sosial media isə gənclərin diqqətini milli sənətə cəlb etmək, xalçaların naxışları və rəmzləri haqqında maraqlı hekayələr paylaşmaq üçün effektiv vasitədir.
Bununla yanaşı, texnologiya ənənəvi sənətkarlığı əvəz etməməli, onun tanıdılmasına və inkişafına xidmət göstərməlidir. Məsələn, rəqəmsal texnologiyalar xalçaların naxışlarını və tarixini təqdim edə bilər, lakin ənənəvi toxuculuğun mahiyyətini, ustanın əl əməyini və sənətin canlı təcrübəsini tam əvəz edə bilməz. Buna görə də həm maddi irs nümunələri qorunmalı, həm də onların yaradılması ilə bağlı bilik və bacarıqlar yaşadılmalıdır.
Ülvinə Fərzəliyevanın qənaətinə görə, ənənə ilə müasirlik arasında ziddiyyət yoxdur. Əksinə, düzgün yanaşma tətbiq edildikdə, bu iki istiqamət bir-birini zənginləşdirir və milli mədəni irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Qeyd: material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə hazırlanıb.


