Azərbaycan və Türkiyə XİN-ləri arasında geniş tərkibdə görüş keçirilib
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və baxışı əsasında formalaşan və Şuşa Bəyannaməsində təsbit olunan strateji müttəfiqlik münasibətlərinin bütün gündəliyini nəzərdən keçiriblər.
Müzakirələr siyasi dialoq, iqtisadi və ticarət münasibətləri, investisiya, enerji, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq və beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiyanı əhatə edib.
Nazirlər Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya da daxil olmaqla institusional mexanizmlərin əhəmiyyətini vurğulayıblar.
Tərəflər həmçinin BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), D-8 və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində son bir ildə əldə edilən irəliləyişi, eləcə də davamlı sülh və regional əməkdaşlığa doğru atılan praktiki addımları müzakirə etdilər. Həmçinin, Yaxın Şərqdə və digər bölgələrdə baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi apardılar. Münaqişələrin və hərbi qarşıdurmaların siyasi və diplomatik vasitələrlə həll edilməli olduğuna dair ortaq inanclarını bir daha təsdiqlədilər.
dəqiqələr içində saytın olsun.