Cəbrayılda yeni fəaliyyətə başlayan Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbində ilk dərs günü - FOTO
15 sentyabr 2026-cı il tarixində işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni fəaliyyətə başlayan Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin ilk dərs günü münasibətilə tədbir keçirilib.
Operativ Media-ya bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov Qarabağda tədris prosesinin qısa müddət ərzində bərpa olunmasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. O, məktəb şagirdlərinin gələcəkdə ölkəmizin inkişafında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.
Səbuhi Mahmudov çıxışının sonunda şagird və müəllimlərə yeni tədris ilində uğurlar və yüksək tədris nailiyyətləri arzulayıb.
Daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, Şükürbəyli kəndində müasir standartlara cavab verən məktəb binasının istifadəyə verilməsi burada yaşayan və bu əraziyə köçürülən ailələrin övladlarının keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Fuad Bədəlov məktəbin müəllim və şagird kollektivinə müraciət edərək yeni tədris ilində qarşıya qoyulan əsas məqsədin şagirdlərin keyfiyyətli təhsil alması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi olduğunu vurğulayıb. O, məktəbin müasir maddi-texniki imkanlarından səmərəli istifadə olunmasının tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib və kollektivə uğurlar arzulayıb.
Çıxışlardan sonra tədbir iştirakçıları ilk dərs gününün yaratdığı sevinc və qürur hisslərini bölüşüblər. Məktəb kollektivinə və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar.
Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçirib, dərs prosesini izləyiblər.
2026–2027-ci tədris ilində Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbində 124 şagird 11 sinif komplektində tədris prosesinə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binasında 23 sinif otağı, 2 laboratoriya, kimya, fizika və biologiya kabinetləri, informatika və çağırışaqədərki hazırlıq kabineti, tibb otağı, qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı və 220 yerlik akt zalı mövcuddur.
dəqiqələr içində saytın olsun.