Menyu

Mətin Kərimli Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib

Operativ Media
Mətin Kərimli Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
1 dəq oxu

Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Forumun açılış mərasimində Özbəkistan Respublikasının təhsil və elm naziri Erkinjon Turdimov çıxış edərək ali təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsinin, universitetlərarası əlaqələrin gücləndirilməsinin və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Forum çərçivəsində “Mərkəzi Asiyada vahid təhsil məkanının inkişafı və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən təhsil nazirlərinin dəyirmi masasında Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan, Polşa, Türkiyə, Pakistan, Çex Respublikası və Gürcüstanın nümayəndələri də iştirak ediblər.

Dəyirmi masada çıxış edən aparat rəhbəri Mətin Kərimli təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərinə toxunub. O, akademik mobilliyin təşviqi, birgə təhsil proqramlarının və elmi-tədqiqat layihələrinin inkişaf etdirilməsi, eləcə də universitetlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Dəyirmi masa çərçivəsində, həmçinin tələbə və müəllim mübadiləsi, diplom və kvalifikasiyaların qarşılıqlı tanınması, birgə elmi-tədqiqat layihələrinin və qrant proqramlarının təşviqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Forumda plenar iclasların, panel sessiyalarının, tematik müzakirələrin, universitetlər və tərəfdaş təşkilatlar arasında ikitərəfli görüşlərin keçirilməsi, habelə əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulub.

Əlaqəli Xəbərlər