Deputat: Narkotik daşıyan nəqliyyat vasitələri dövlət nəfinə müsadirə edilsin
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı yeni təkliflər irəli sürülüb.
Operativ Media-nın xəbərinə görə, çıxışı zamanı deputat Hikmət Babaoğlu bildirib ki, narkotik tacirlərinə qarşı daha sərt qanunların qəbul edilməsinə ehtiyac var.
O, narkotik vasitələrin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin dövlət büdcəsi lehinə müsadirə edilməsini nəzərdə tutan ayrıca qanun layihəsinin qəbul olunmasını təklif edib:
"Böyük, bahalı yükdaşıyan nəqliyyat vasitələrinin içərisində xüsusi yerlər düzəldilir və oradan tonlarla narkotik çıxır. Lakin həmin vasitələr yollarına devam edirlər. Nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, əgər onun maşını narkotik ticarətinə vasitə olursa, onu itirə bilər. Bu, daha çəkindirici addım olar".
Deputat həmçinin vurğulayıb ki, mübarizə yalnız narko-kuryerlər səviyyəsində qalmamalı, narko-baronların və bu şəbəkəni idarə edənlərin ifşası istiqamətində növbəti mərhələyə keçməlidir.
H.Babaoğlu hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artıracaq və qanunsuz şəbəkələrin tam çökdürülməsinə imkan yaradacaq yeni hüquqi mexanizmlərin vacibliyini diqqətə çatdırıb.
dəqiqələr içində saytın olsun.