Səhiyyə Menecmenti Forumunun təşkilatçıları ilə - MÜSAHİBƏ
Səhiyyə Menecmenti sahəsini seçməkdə əsas məqsədimiz yüksək tibbi savada malik mütəxəssislərimizlə yanaşı, idarəetmə ekosistemini də gücləndirməkdir.
Operativ Media tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edir.
Rafiq Hunaltay - Facemark şirkətinin təsisçisi
Səhiyyə Menecmenti Forumu ideyası necə yarandı və niyə məhz bu sahə seçildi?
- Facemark olaraq 15 ildən artıqdır ki, müxtəlif sahələrdə strateji tədbirlər təşkil edirik və hər sahədə idarəetmə sistemləri diqqətimizi həmişə çəkib, eləcə də səhiyyə sahəsi: səhiyyə sistemi cəmiyyətin ən həssas, amma idarəetmə baxımından ən az müzakirə olunan sahələrindən biridir. Tibb müəssisələrinin idarə edilməsi, pasiyent təcrübəsinin təkmilləşdirilməsi, maliyyə, marketinq və rəqəmsallaşma kimi sahələrdə müasir menecment yanaşmalarına kəskin ehtiyac yarandığını gördük. Məhz bu sahəni seçməkdə əsas məqsədimiz — yüksək tibbi savada malik mütəxəssislərimizlə yanaşı, idarəetmə ekosistemini də gücləndirmək, dövlət və özəl sektor nümayəndələrini, eləcə də yerli və xarici ekspertləri vahid təcrübə mübadiləsi platformasında bir araya gətirərək səhiyyənin inkişafına töhfə verməkdir.
"İdarəetmənin anatomiyası" konsepti nəyi ifadə edir?
- Bizim əsas fəlsəfəmiz bir cümlədə ifadə olunur: "Bədəni tanımadan onu sağaltmaq olmaz, sistemi tanımadan onu idarə etmək olmaz." Çox vaxt həkimlər menecment təhsili olmadan rəhbər vəzifəyə təyin olunurlar - bu, sanki anatomiyanı bilmədən cərrahiyyə etməyə bənzəyir. Biz istəyirik ki, iştirakçılar klinikanı, xəstəxananı və ya səhiyyə qurumunu canlı bir orqanizm kimi görsünlər - hər şöbənin, hər prosesin bir "orqan" kimi funksiyası olduğunu anlasınlar. Ona görə də bütün vizual dilimiz - ürək, beyin, onurğa sütunu kimi anatomik simvollar - məhz bu mesajı daşıyır: idarəetmə də bir elmdir, öyrənilə bilər və öyrənilməlidir.
Forumun formatı hansı prinsiplə qurulub?
- Formatı qurarkən əsas hədəfimiz nəzəriyyəni praktikadan ayırmamaq idi. Ona görə də tədbiri iki paralel istiqamətə böldük - altı panel müzakirəsi və fərqli mövzularda masterklaslar. Panellər idarəetmə, maliyyələşdirmə, rəqəmsallaşdırma, strateji xəstəxana idarəçiliyi, liderlik və həkimlərin peşəkar rifahı kimi mövzuları əhatə edir - yəni sistemin həm "skeletini", həm "qan dövranını", həm də "ürəyini" araşdırırıq. Masterklaslar isə daha tətbiqi bacarıqlara yönəlib - süni intellekt, strateji marketinq, liderlik və bədən dili kimi. İştirakçı üçün əsas dəyər budur: bir gün ərzində həm strateji baxış, həm də praktiki alət əldə edə bilsin.
Bu tədbirdən sonra hansı nəticəni uğur meyarı sayacaqsınız?
- Bizim üçün ən böyük uğur o olacaq ki, 500-dən çox iştirakçı zaldan çıxanda öz təşkilatlarına fərqli bir gözlə baxsınlar - sistemi bir-birindən ayrı hissələr kimi deyil, vahid, qarşılıqlı əlaqəli bir orqanizm kimi görsünlər. Bundan başqa, real şəbəkələşmənin baş verməsi, dövlət sektoru ilə özəl sektor arasında, akademiya ilə praktikanın arasında körpü yaranması bizim üçün ölçülə bilən uğur göstəricisidir. Əgər bu forumdan sonra bir neçə real əməkdaşlıq, layihə və ya islahat təşəbbüsü doğularsa, biz məqsədimizə çatmış olacağıq.
Fəqan Həsənzadə - From Science to Health MMC-nin təsisçisi
Azərbaycanda səhiyyə menecmenti sahəsində hazırda ən aktual çağırışlar sizcə hansılardır və forum bunlara necə cavab verəcək?
- Azərbaycanda səhiyyə menecmenti sahəsində mənim üçün əsas çağırışlardan biri idarəetmədə müasir yanaşmaların daha sistemli tətbiqidir. Səhiyyə artıq yalnız tibbi xidmətin göstərilməsi ilə məhdudlaşmır. Burada maliyyə dayanıqlılığı, insan resurslarının effektiv idarə olunması, rəqəmsallaşma, xidmət keyfiyyəti, pasiyent məmnuniyyəti və strateji planlaşdırma paralel şəkildə idarə edilməlidir. Digər vacib məsələ isə səhiyyə idarəçiləri arasında bilik və təcrübə mübadiləsi üçün daha çox peşəkar platformaların yaradılmasıdır. Səhiyyə Menecmenti Forumunu təşkil etməyimizin əsas məqsədlərindən biri də məhz budur. Biz istəyirik ki, forum sadəcə çıxışların edildiyi tədbir olmasın. Müxtəlif sahələrdə çalışan rəhbərlər, ekspertlər və beynəlxalq spikerlər real idarəetmə problemlərini müzakirə etsin, fərqli təcrübələri paylaşsın və praktik həll yolları ortaya qoysunlar. Forumun proqramını da bu çağırışlara uyğun qurmağa çalışmışıq. Maliyyələşdirmədən rəqəmsallaşmaya, xəstəxana idarəçiliyindən liderliyə qədər səhiyyənin idarə olunmasında bu gün aktual olan əsas istiqamətləri bir platformada birləşdiririk.
“From Science to Health”in təsisçisi kimi, elmi yanaşmanın praktik səhiyyə idarəçiliyinə inteqrasiyasını necə görürsünüz?
- “From Science to Health” adını seçərkən əsas yanaşmamız elmi biliklə praktik səhiyyə arasında körpü yaratmaq idi. Mən hesab edirəm ki, səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır. Amma burada vacib bir məqam var: elmi bilik yalnız məqalələrdə və akademik mühitdə qalmamalıdır. O bilik xəstəxananın gündəlik idarə olunmasına, proseslərin optimallaşdırılmasına, maliyyə qərarlarına, insan resurslarının idarə edilməsinə və pasiyent xidmətlərinin yaxşılaşdırılmasına çevrilməlidir. Mənim üçün “From Science to Health”ın missiyası da budur: elmi və akademik bilikləri daha praktik, tətbiq edilə bilən formaya gətirmək və səhiyyə sektorunda çalışan insanlarla bölüşmək. Təlimlərimizdə, forumlarımızda və digər layihələrimizdə nəzəriyyə ilə praktikanı mümkün qədər bir araya gətirməyə çalışırıq.
Panellərin mövzuları — maliyyələşdirmə, rəqəmsallaşma, strateji xəstəxana idarəçiliyi, qadın liderlər — arasında sizin üçün ən prioritet olanı hansıdır və niyə?
- Əslində bu mövzuların hər biri bir-biri ilə sıx bağlıdır və səhiyyə sistemində birini digərindən tam ayırmaq mümkün deyil. Amma şəxsən mənim üçün strateji səhiyyə və xəstəxana idarəçiliyi xüsusi əhəmiyyət daşıyır. Çünki maliyyələşdirmənin necə idarə olunacağına, hansı rəqəmsal həllərin tətbiq ediləcəyinə, insan resurslarının necə inkişaf etdiriləcəyinə və xidmətlərin hansı istiqamətdə genişləndiriləcəyinə məhz düzgün strategiya istiqamət verir. Mən həmişə hesab etmişəm ki, xəstəxananı yalnız gündəlik əməliyyatlarla idarə etmək kifayət deyil. Rəhbər 3–5 il sonranı görməli, müəssisənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən etməli və bugünkü qərarlarını həmin gələcəyə uyğun verməlidir. Bununla yanaşı, rəqəmsallaşma və süni intellekt də artıq seçim deyil, səhiyyə idarəçiliyinin gələcəyinin əsas komponentlərindən biridir. Ona görə forumda bu mövzuların hər birinin ayrıca müzakirə olunmasını vacib hesab etmişik.
Bu formatda beynəlxalq spikerlərin iştirakı yerli səhiyyə idarəçilərinə hansı əlavə dəyəri verəcək?
- Səhiyyə sistemləri ölkədən ölkəyə fərqlənsə də, idarəetmə problemlərinin çoxu oxşardır. Maliyyə dayanıqlılığı, insan resurslarının idarə olunması, rəqəmsallaşma, xidmət keyfiyyəti və pasiyent məmnuniyyəti dünyanın müxtəlif ölkələrində səhiyyə rəhbərlərinin qarşılaşdığı ümumi məsələlərdir. Beynəlxalq spikerlərin iştirakı bizə həmin problemlərə fərqli sistemlərin prizmasından baxmaq imkanı verir. Türkiyədə və ya başqa bir ölkədə hansı model tətbiq olunub, hansı yanaşma uğurlu olub, hansı səhvlər edilib bunları birbaşa həmin təcrübəni yaşayan insanlardan eşitmək çox dəyərlidir. Mənim üçün beynəlxalq iştirakın ən böyük üstünlüyü hazır modeli olduğu kimi Azərbaycana köçürmək deyil. Əsas məqsəd müxtəlif təcrübələri görmək, müqayisə etmək və onların içərisindən Azərbaycan səhiyyəsinə uyğunlaşdırıla biləcək ideyaları müəyyən etməkdir. Eyni zamanda belə tədbirlər yeni peşəkar əlaqələrin yaranmasına, gələcək əməkdaşlıqlara, ortaq layihələrə və bilik mübadiləsinin davamlı olmasına şərait yaradır. Mən istəyirəm ki, Səhiyyə Menecmenti Forumu zamanla məhz belə regional və beynəlxalq əməkdaşlıq platformalarından birinə çevrilsin.
dəqiqələr içində saytın olsun.