Təbii balı saxtasından necə fərqləndirməli? – Vacib məsləhətlər
Bal alarkən istehlakçı yalnız onun rənginə, qoxusuna və dadına əsaslanaraq məhsulun təbii və keyfiyyətli olduğunu müəyyən edə bilməz. Çünki balın rəngi və konsistensiyası onun botaniki mənşəyindən, toplanan çiçəklərdən və saxlanma şəraitindən asılı olaraq dəyişə bilər.
Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərov deyib.
O bildirib ki, balın saxtalaşdırılması zamanı məhsula müxtəlif şəkər şərbətləri və digər ucuz komponentlərin əlavə edilməsi, balın təbii tərkibinin dəyişdirilməsi və ya məhsulun mənşəyinin düzgün göstərilməməsi kimi hallar mümkündür:
“Bunu ev şəraitində aparılan sadə testlərlə – məsələn, suya tökmək, kibritlə yoxlamaq və s. – etibarlı şəkildə müəyyən etmək mümkün deyil. Saxtalaşdırmanın dəqiq aşkarlanması üçün laborator müayinələr tələb olunur.
İstehlakçı bal alarkən ilk növbədə etiket məlumatlarına, istehsalçıya, məhsulun mənşəyinə, qablaşdırılma və son istifadə tarixlərinə diqqət etməlidir. Balın qablaşdırması bütöv olmalı, məhsulun saxlanma şəraiti isə tələblərə uyğun olmalıdır. Açıq şəkildə, mənşəyi və istehsalçısı məlum olmayan yerlərdən bal almaq risk yarada bilər.
Digər mühüm məqam isə balın kristallaşmasıdır. Balın şəkərlənməsi və kristallaşması onun saxta olması demək deyil. Əksinə, bir çox təbii bal növləri müəyyən müddətdən sonra təbii şəkildə kristallaşa bilər. Buna görə yalnız görünüşünə əsasən məhsul haqqında hökm vermək düzgün deyil.
Ən etibarlı yanaşma mənşəyi məlum olan, düzgün etiketlənmiş və etibarlı satış məntəqəsindən alınan bala üstünlük verməkdir. Şübhəli məhsul barədə isə yalnız laborator analiz nəticəsi obyektiv fikir verə bilər”.
dəqiqələr içində saytın olsun.