Gəncəsər monastırı Alban kilsəsinin qədim irsinin bariz nümunəsidir – Robert Mobili
Gəncəsər monastırı qədim Alban kilsəsinin bariz və gözəl nümunələrindən biridir.
Operativ Media xəbər verir ki, bunu Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili Gəncəsər monastırına təşkil olunan media tur zamanı deyib.
O bildirib ki, Gəncəsər monastırı tarixən Alban kilsəsinin patriarx mərkəzi və iqamətgahı olub.
“Çar Rusiyası Qafqazı işğal etdikdən və 11 mart 1836-cı ildə Erməni Qriqoryan kilsəsinin Əsasnaməsi I Nikolay tərəfindən təsdiqləndikdən sonra bu kilsələr, mədəni irs nümunələri, xristianlıqla bağlı abidələr, kilsələr və monastır kompleksləri birbaşa Erməni kilsəsinin tabeçiliyinə verildi. Alban kilsəsinə böyük zərbə vuruldu”, – deyə Robert Mobili bildirib.
Onun sözlərinə görə, bundan sonra Alban kilsəsinin statusu, ədəbiyyatı, kitabələri və kilsələrdə olan əşyalarının böyük hissəsi Erməni kilsəsinin tabeçiliyinə keçib.
“Böyük bir hissəsi erməni dilinə tərcümə olundu, qalanları yandırıldı, atıldı. Bütün kilsələrin üzərində erməni Qriqoryan kilsəsinin simvolları gətirildi. Xüsusilə burada xaçkarların gətirib qoyulduğunu görürük. Alban kilsəsində mövcud olan simvollar isə məhv edildi, silindi”, – deyə icma sədri qeyd edib.
Robert Mobili hesab edir ki, bu prosesin əsas məqsədi qədim kilsələri Erməni kilsəsi ilə əlaqələndirmək olub.
“Məqsəd bu tarixi kilsələrin sahibinin Erməni kilsəsi olduğunu dünya miqyasında çatdırmaq idi. Bu kilsələr ermənilərin burada tarixən yaşadığını sübut edən canlı nümunə kimi təqdim olunur. Çünki bu kilsələrin tarixi IV, V və VI əsrlərə gedib çıxır. Bu kilsələri ermənilərlə bağlamaq faktiki olaraq ermənilərin Qarabağla bağlanması ilə paralellik təşkil edir”, – deyə o vurğulayıb.
İcma sədri bildirib ki, bu yanaşmanın gələcəkdə siyasi nəticələri ola bilər.
“Bu gün erməni ictimaiyyəti daxilində separatçı qüvvələrin yenidən baş qaldırması üçün bundan istifadə olunur. Onlar deyirlər ki, bura bizim tarixi yerlərimiz, tarixi torpaqlarımız və tarixi kilsələrimizdir, Azərbaycan isə onları zəbt edib və kilsələr məhv olunur. Bununla dünya ictimaiyyətinə Azərbaycanla bağlı yalan informasiya verilir”, – deyə Robert Mobili bildirib.
O qeyd edib ki, onun fikrincə, bu kilsələr Alban müstəqil kilsəsinin tarixi yerləri və xristian irsidir.
“Bu kilsələrin erməni kilsəsi ilə heç bir bağlantısı yoxdur. Ermənilər buraya XVIII-XIX əsrlərdə, əsasən İrandan və daha sonra Türkiyədən gəlməyə başlayıblar. Onlar gələndə bölgədə İslam dominant din idi və xanlıqlar mövcud idi. Bir çox kilsələr boş vəziyyətdə idi. Qarabağ xanları da şərait yaradıb ki, həmin insanlar burada ibadət etsinlər. Sonradan həmin kilsələrdə erməni Qriqoryan simvollarının yerləşdirilməsi ilə bu abidələrin tarixən erməni kilsələri olması barədə fikir yayılmağa başladı”, – deyə icma sədri söyləyib.
Robert Mobili vurğulayıb ki, tarixi irsin gələcək nəsillərə düzgün çatdırılması üçün abidələrin bərpası və konservasiyası vacibdir.
“Əgər bina mövcuddursa, amma icması yoxdursa, bu, sadəcə binadır. Mənim fikrimcə, bu kilsələri bərpa və konservasiya etmək, ermənilər tərəfindən dəyişdirilmiş simvolların yerinə Alban kilsəsinə aid simvolları təqdim etmək lazımdır. Qəbir daşlarında belə Qazax nişanı var. Bunun özündə də bir-iki nümunə qalıb”, – deyə o bildirib.
İcma sədri Gəncəsər və Xudavəng kimi tarixi abidələrin gələcəkdə turizm baxımından da əhəmiyyətli məkanlara çevrilə biləcəyini qeyd edib.
“Gələcəkdə buraya turizm cəlb etmək üçün çox gözəl imkan var. Qarabağın özü gözəl məkandır. Türkiyədə çoxlu qədim kilsələr var. Müsəlman ölkəsi olmasına baxmayaraq, həmin kilsələr gözəl şəkildə bərpa edilir. Məsələn, Mardində yerləşən kilsələrə gündə 2-2,5 min turist gəlir. Bu həm turizm, həm də yerli insanlar üçün şərait yaradır. Əsas odur ki, bu bizim tariximizdir”, – deyə Robert Mobili bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan dövlətinin bu irsin varisi olduğunu dünya miqyasında çatdırmaqdır.
“Əsas məsələ dünya miqyasında çatdırmaqdır ki, Azərbaycan bu gün onun varisidir və bu, Azərbaycanın birbaşa irsidir”, – deyə icma sədri vurğulayıb.
Robert Mobili bildirib ki, əgər tarixi kilsələrdə Alban-Udi icmasının ibadətlərinin keçirilməsi üçün şərait yaradılarsa, bu, icmanın fəaliyyətinin də inkişafına töhfə verə bilər.
“Qəbələ rayonunun Nic qəsəbəsində bizim icmamız var. Kilsələr bərpa olunur və icmaya verilir, kilsə kimi fəaliyyət göstərir. Ola bilsin, burada iki kilsəni – Xudavəng monastır kompleksini və Gəncəsəri – kilsə kimi bərpa edib həftədə bir dəfə gəlib ibadət edək. Gələcəkdə Alban kilsəsi icması kimi istəyən azərbaycanlılar da ola bilər”, – deyə o qeyd edib.
İcma sədri Azərbaycan xalqının daxilində xristianlığı qəbul edən insanların öz tarixi kilsələrində ibadət edə bilməsinin mümkünlüyünü vurğulayıb.
“Niyə Azərbaycan xalqının içində olan, xristianlığı qəbul edən adam protestant kilsəsinə getməlidir? Öz kilsəsinə qayıtsın. Belə adamlar var, icma möhkəmlənəcək. Alban kilsəsinin hər azərbaycanlı varisidir. Sadəcə, bu gün onun varisliyini saxlayan udilərdir”, – deyə Robert Mobili bildirib.
O qeyd edib ki, tarixi kilsələrin bir hissəsinin bərpa edilərək xristianların ibadətinə açılması həm dini, həm də turizm baxımından əhəmiyyətli ola bilər.
“Qarabağda iki-üç belə böyük kilsə var. Onları bərpa edib xristianlar ibadət etsinlər. Həm turistlər, həm də istəyən insanlar üçün imkan yaransın. Mənim yanıma çox adam gəlib, deyib ki, xristianlığı qəbul etmək istəyir. Mən də deyirəm, xoşdur, gəlin. Bu qorxulu deyil. Azərbaycan müsəlman ölkəsidir, amma tolerant ölkədir”, – deyə icma sədri söyləyib.
Robert Mobili Albaniyanı da nümunə göstərərək fərqli dinlərin bir cəmiyyət daxilində yanaşı yaşamasının mümkün olduğunu bildirib.
“Azərbaycan tolerantlıq olmasa, biz bu kilsələri bərpa edə bilmərik. Azərbaycan tolerantlıq olmasa, biz burada ibadət edə bilmərik. Biz xaçla gəzirik, bu Azərbaycandır. Burada qorxulu heç nə yoxdur”, – deyə o əlavə edib.
İcma sədri bildirib ki, Azərbaycan ərazisindəki Alban xristian irsinin düzgün təqdim olunması ölkənin beynəlxalq turizm imkanlarına da müsbət təsir göstərə bilər.
“Bu məlumatı çatdırmaqla gələn hər bir turist özü ilə müsbət təəssürat aparsa, bu, Azərbaycana böyük müsbət təsir göstərəcək və rezonans yaradacaq”, – deyə Robert Mobili əlavə edib.
dəqiqələr içində saytın olsun.