Menyu

Rafik Danakari: "200 ilə yaxın idi ki, bu monastırlara gəlməkdən məhrum idik"

Əsəd Abbaslı
Rafik Danakari: "200 ilə yaxın idi ki, bu monastırlara gəlməkdən məhrum idik"

Təxminən 200 il ərzində Alban-Udi icmasının nümayəndələri Gəncəsər monastırı və bölgədəki digər tarixi dini abidələri ziyarət etmək imkanından məhrum olublar.

Operativ Media xəbər verir ki, bunu Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari Gəncəsər monastırına təşkil olunan media tur zamanı deyib.

O bildirib ki, icma nümayəndələri ilk dəfə Gəncəsər monastırına gəlib, burada dua edib və şamlar yandırıblar.

“Biz çox xoşbəxtik ki, ilk dəfədir bu monastıra, bu kompleksə gəlirik. Çox şadıq. Bu gün burada dua etdik, şamlar yandırdıq. Öz Qafqaz Alban dilimizdə, Udi dilində ibadətimizi burada keçirə bildik. Təxminən 200 ilə yaxındır ki, biz bundan məhrum idik. Bu kilsələrə, monastırlara, ümumiyyətlə, bu bölgələrə gələ bilmirdik”, – deyə Rafik Danakari bildirib.

Onun sözlərinə görə, bunun səbəbi həmin dini abidələrin Erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi olub.

“Biz etiraz edərək kilsələrimizi bağlı saxladıq və gəlmədik. Bu gün isə bura gəlməkdə məqsədimiz həm Məryəm Ananın doğum gününü qeyd etmək, həm də torpaqlarımız azad olunduğu üçün bu müqəddəs məkanda sərbəst şəkildə ibadət etməkdir”, – deyə icma sədrinin müavini qeyd edib.

Rafik Danakari bildirib ki, Alban-Udi icması gələcəkdə digər tarixi monastırları da ziyarət etməyi planlaşdırır.

“Gələcəkdə çalışacağıq ki, başqa monastırlara da gedib ziyarət edək. Gəncəsər kompleksindən sonra ən böyük komplekslərdən biri Amaras kompleksidir. Arzu edirik ki, gələcəkdə oraya da gedib ziyarət edək, şamlarımızı yandıraq və dua edək”, – deyə o bildirib.

İcma sədrinin müavini tarixi dini abidələrin gələcəkdə qorunub saxlanılması üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyib.

“Bu, hər halda, dövlət tədbiri olmalıdır. Çünki bir neçə il bundan əvvəl möhtərəm Prezidentimiz bütün dünyaya mesaj göndərdi ki, azad olunmuş torpaqlarda olan Alban kilsələrinin sahibləri bizim Udi qardaşlarımızdır. Onlar da bura gələcəklər”, – deyə Rafik Danakari bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki dini abidələrin, o cümlədən kilsə, monastır və məscidlərin bərpası, konservasiyası və gələcəkdə muzey kimi istifadəsi nəzərdə tutulur.

“Dünyaya bəyan olundu ki, bunlar Azərbaycan xalqının irsidir, Azərbaycan xalqının tarixidir. Dünya bunu bilməlidir. Düzdür, bu ərazilər 30 il işğal altında idi və biz heç nə edə bilməmişik. Amma artıq biz sərbəstik. Bütün dünya bilməlidir ki, bu kilsələrin, ümumiyyətlə, məbədlərin sahibləri kimdir. Azərbaycan xalqıdır”, – deyə o vurğulayıb.

Rafik Danakari bildirib ki, Alban-Udi icması tarixi dini abidələri sərbəst şəkildə ziyarət etmək imkanının yaradılmasından məmnundur.

“Biz bu gün çox şadıq. Möhtərəm Prezidentimizə öz dərin təşəkkürümüzü bildiririk ki, biz bu kilsələrə, bu monastırlara, bu komplekslərə sərbəst və rahat şəkildə gələ bilirik”, – deyə icma sədrinin müavini əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər