Universitetlərdə dekan və kafedra müdiri necə seçilir? – 5 illik müqavilə, gizli səsvermə
Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlərin seçilməsi müsabiqə və gizli səsvermə yolu ilə həyata keçirilir, seçilən şəxslərlə isə 5 il müddətinə əmək müqaviləsi bağlanır.
Operativ Media xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizəd ərizə ilə yanaşı kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halını, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərinin siyahısını, həmçinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platformasını təqdim etməlidir.
Həmin ali təhsil müəssisəsində çalışan namizədlər isə yalnız ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərinin siyahısını və inkişaf platformasını təqdim edirlər.
Kafedra müdiri fakültə Elmi Şurası, dekan isə fakültə əməkdaşlarının ümumi iclası tərəfindən seçilir. Seçkinin keçirilməsi üçün iştirakçıların ən azı üçdə ikisinin iştirakı tələb olunur və səsvermə gizli keçirilir.
Səsvermədən əvvəl hər bir namizədin peşə-ixtisas hazırlığı barədə məlumat və müvafiq rəylər dinlənilir. Namizədlər həmçinin peşə fəaliyyəti və rəhbərlik edəcəkləri struktur bölmənin inkişafı ilə bağlı platformalarını təqdim edirlər.
Kafedra müdiri vəzifəsinə namizədlərin kafedra əməkdaşları tərəfindən də qiymətləndirilməsi üçün iclas keçirilir. İclasda əməkdaşların üçdə ikisi iştirak etdikdə toplantı səlahiyyətli sayılır. Səsvermənin açıq və ya gizli keçirilməsi barədə qərar qəbul edilə bilər və namizəd barədə qərar sadə səs çoxluğu ilə verilir.
Dekan vəzifəsinə namizədlərlə bağlı isə fakültənin tərkibindəki kafedraların rəyi öyrənilir. Hər bir kafedrada keçirilən iclasda namizədlər barədə məlumat verilir, sənədlər araşdırılır, seçki platformaları dinlənilir və sadə səs çoxluğu ilə qərar qəbul edilir. Kafedranın müsbət rəyinin olmaması namizədin fakültə səviyyəsində keçirilən seçkidə iştirakına mane olmur.
Dekan vəzifəsinə seçki ilə bağlı fakültə əməkdaşlarının ümumi iclasına rektor və ya tədris işləri üzrə prorektor sədrlik edir. Səsvermədə namizədlərin ad və soyadları eyni bülletenə daxil edilir və hər seçici yalnız bir namizədə səs verə bilər.
Bülletendə iki və ya daha çox namizədin qarşısındakı dairə işarələndikdə və ya namizədlərdən heç birinin qarşısındakı dairə işarələnmədikdə həmin bülleten etibarsız sayılır.
Səsvermənin nəticələrinin hesablanması üçün əvvəlcədən 3-5 nəfərdən ibarət hesablama komissiyası seçilir. Komissiya bülletenləri iclas iştirakçılarının qarşısında hesablayır, nəticələri hər namizəd üzrə ayrıca elan edir və protokol hazırlayır.
Seçilmiş kafedra müdiri və dekanla ali təhsil müəssisəsinin rektoru tərəfindən 5 il müddətinə əmək müqaviləsi bağlanılır və bununla bağlı müvafiq əmr verilir.
Müsabiqəyə heç bir ərizə verilmədikdə və ya səsvermə nəticəsində heç bir namizəd seçilmədikdə müsabiqə baş tutmamış hesab olunur. Bu halda vakant vəzifə üçün 1 aydan gec olmayaraq yenidən müsabiqə elan edilir və əvvəlki namizədlər də yenidən iştirak edə bilərlər.
Müsabiqə ilə bağlı şikayətlər elan dərc olunan gündən seçkilərdən sonrakı 10 günədək rektora, təsisçiyə və ya məhkəməyə təqdim edilə bilər. Qaydaların pozulması aşkarlandıqda isə rektor seçkinin nəticələrinin ləğvi barədə əmr verir.
Kafedra əməkdaşlarının və ya fakültə Elmi Şurası üzvlərinin üçdə ikisi kafedra müdiri və ya dekanın vaxtından əvvəl vəzifədən azad olunması barədə rektor qarşısında vəsatət qaldıra bilər. Məsələ ali təhsil müəssisəsinin Elmi Şurasında müzakirə edilərək qərarlaşdırılır.
Dekan müavini fakültənin profilinə uyğun baza təhsili və ən azı 3 il elmi-pedaqoji təcrübəsi olan mütəxəssislər arasından dekanın təqdimatı əsasında rektor tərəfindən təyin edilir.
Kafedra müdiri, fakültə dekanı və dekan müavini ali təhsil müəssisəsinin müvafiq kafedralarında 0,5 ştat vahidi ilə professor-müəllim vəzifəsi də tuta bilərlər.
Kafedraların birləşdirilməsi və ya ayrılması zamanı isə seçilmiş kafedra müdirlərinin statusuna uyğun xüsusi qaydalar tətbiq edilir. Kafedranın yalnız adı dəyişdirildikdə isə mövcud kafedra müdiri əmək müqaviləsinin müddəti başa çatanadək vəzifəsini davam etdirir.
dəqiqələr içində saytın olsun.