Menyu

Skuter sürənlərin bilməli olduğu qaydalar

Operativ Media
Skuter sürənlərin bilməli olduğu qaydalar

Son illər Bakıda velosiped zolaqlarının çəkilməsi, eyni zamanda yollarda və metroda aparılan təmir işləri, nəqliyyatda və ictimai nəqliyyatda insan sıxlığının artması daha çox insanın mikromobillik vasitələrindən istifadəsinə səbəb olub. Bunun nəticəsi olaraq elektrik skuterlərdən istifadə edənlərin sayı da artır.

Lakin skuterlərin sayının artması ilə yanaşı, onların yol hərəkətində yaratdığı risklər və sürücülərin məsuliyyəti məsələsi də aktuallaşır. Skuter sürən şəxs də yol hərəkəti iştirakçısı və nəqliyyat vasitəsinin sürücüsüdür. Buna görə də o, digər hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına əməl etməlidir.

Bəs skuter sürənlər hansı əsas qaydaları bilməlidir?

Operativ Media mövzu ilə bağlı araşdırma aparıb:

● Piyada keçidində üstünlük piyadadadır

Skuter sürücüsü piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı və keçiddən istifadə edən piyadalara yol verməlidir. Piyada keçidinə yüksək sürətlə daxil olaraq piyadaları gözləməyə məcbur etmək düzgün deyil.

● Piyada keçidindən keçərkən diqqətli olun

Skuter sürücüsü piyada keçidindən istifadə edərkən piyadaların hərəkətinə mane olmamalıdır. İnsanların sıx olduğu keçidlərdə sürəti minimuma endirmək, zərurət yaranarsa skuterdən düşərək onu aparmaq daha təhlükəsizdir.

Qeyd edək ki, skuterdən düşüb onu yanında aparan şəxs piyada hesab olunur.

Velosiped zolağı varsa, ondan istifadə edin

Kiçik elektrik nəqliyyat vasitələrinin velosiped yollarında hərəkətinə icazə verilir. Belə yol olduğu halda onun yanındakı digər yolla hərəkət etmək qadağandır.

● Avtomobil yolunda sağ kənar zolaqla hərəkət edin

Kiçik elektrik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkətinə yolun sağ kənar zolağı ilə icazə verilir. Digər zolaqlardan istifadə etmək, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qadağandır.

Sürət həddinə əməl edin

Velosiped yollarında skuterlər saatda 20 km-dən, yaşayış zonalarında, parklarda və həyət ərazilərində isə saatda 10 km-dən artıq sürətlə hərəkət etməməlidir.

Piyadaların hərəkətinə mane olmayın

Skuter sürücüsünün piyadaların hərəkətinə maneə yaratması qadağandır. Xüsusilə səkilərdə və insanların sıx olduğu ərazilərdə yüksək sürətlə hərəkət etmək təhlükə yarada bilər.

Yolayrıclarında diqqətli olun

Yolayrıcından kənarda velosiped yolu ilə nizamlanmayan kəsişmədə skuter sürücüsü həmin yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Qaranlıq vaxtı işıqları yandırın

Sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində skuterin xarici işıq cihazları yandırılmalıdır.

Sərnişin daşımayın

Kiçik elektrik nəqliyyat vasitəsində sərnişin daşınması qadağandır. Bir skuterdə iki nəfərin hərəkət etməsi yol hərəkəti qaydalarına uyğun deyil.

● Sükanı buraxaraq hərəkət etməyin

Sükan olduğu halda onu tutmadan skuter idarə etmək qadağandır. Həmçinin idarəetməyə mane olan yük daşımaq olmaz.

● Sərxoş halda skuter sürməyin

Alkoqol, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir göstərən digər maddələrin təsiri altında kiçik elektrik nəqliyyat vasitəsini idarə etmək qadağandır.

● Skuteri düzgün park edin

Skuterlər onlar üçün nəzərdə tutulmuş parklanma yerlərində saxlanmalıdır. Piyada keçidlərinin, giriş-çıxışların və insanların hərəkət istiqamətlərinin qarşısını bağlamaq olmaz.

Skuter kiçik və rahat nəqliyyat vasitəsi olsa da, onu idarə edən şəxs yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara əməl etməlidir. Skuter sürücüsü üçün əsas prinsip sadədir: yolda özünü piyada kimi deyil, məsuliyyət daşıyan nəqliyyat vasitəsi sürücüsü kimi aparmaq lazımdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər