“Formula 1”: “Red Bull” Hadjarın Azərbaycan Qran-prisinə qayıdışını açıqlayıb
Fransalı pilot İsak Hadjar zədəsi səbəbindən buraxdığı üç yarışdan sonra Azərbaycan Qran-prisində "Formula 1" üzrə mübarizəyə qayıdacaq.
Operativ Media xəbər verir ki, Hadjar avqustda Niderland Qran-prisindən əvvəl keçirilən məşq zamanı biləyindən zədə alıb. Bu səbəbdən o, yay fasiləsindən sonra təşkil olunan üç yarışı buraxıb.
Bərpa prosesi zamanı Hadjar MotoGP üzrə dünya çempionu Marc Marquezlə də məsləhətləşib. 2020-ci ildə sağ qolunu sındırdıqdan sonra erkən şəkildə yarışlara qayıdan Marquez fransalı pilota tələsməməyi tövsiyə edib.
Üç yarışlıq fasilədən sonra müalicəsini başa vuran Hadjar Azərbaycan Qran-prisində iştirak etməyə hazırdır. "Red Bull" komandası da onun bu həftəsonu Bakıda yarışacağını açıqlayıb.
Komandanın məlumatında bildirilib ki, Hadjar biləyindəki zədə sağalıb və Azərbaycan Qran-prisində sükan arxasına keçəcək.
Hadjarın yoxluğunda son üç yarışda onu Liam Lawson əvəz edib. Lawson mövsümün qalan hissəsində Arvid Lindbladla birlikdə çıxış etmək üçün "Racing Bulls" komandasına qayıdacaq.
"Red Bull" son üç yarış ərzində göstərdiyi peşəkarlıq, fədakarlıq və əməyə görə Lawsona təşəkkür edib. Komanda onun çətin şəraitdə vəzifəni qəbul etməsinə baxmayaraq, yaxşı nəticələr göstərdiyini və komandaya mühüm töhfə verdiyini bildirib.
Hadjarın "Red Bull"a qayıtması və Lawsonun "Racing Bulls"a keçməsi ilə Yuki Tsunoda-nın son üç yarış ərzində həmin komandadakı müvəqqəti fəaliyyəti də başa çatacaq.
Yaponiyalı pilot bu müddətdə Monza mərhələsini 10-cu pillədə başa vuraraq komandaya 1 xal qazandırıb. Tsunoda mövsümün qalan bölümündə ehtiyat pilot kimi fəaliyyətini davam etdirəcək.
dəqiqələr içində saytın olsun.