Menyu

Vətəndaş yaşadığı binanın zəlzələyə davamlılığını necə yoxlada bilər?

Ayşən Sadıxzadə
Vətəndaş yaşadığı binanın zəlzələyə davamlılığını necə yoxlada bilər?
1 dəq oxu

Binanın zəlzələyə davamlılığını müəyyənləşdirməyin etibarlı yolu ixtisaslaşmış mühəndis müayinəsindən keçirilməsidir. Binanın yeni olması və ya mənzildə çatların görünməməsi onun zəlzələyə davamlı olduğunu deməyə əsas vermir.

Təhlükəsizlik eksperti Samir Nəbiyev Operativ Media-ya açıqlamasında bildirib ki, binanın zəlzələyə davamlılığı bir sıra amillərdən, o cümlədən layihədən, tikinti materiallarının keyfiyyətindən, qrunt şəraitindən və daşıyıcı konstruksiyaların faktiki vəziyyətindən asılıdır.

Ekspertin sözlərinə görə, vətəndaş ilk növbədə binanı idarə edən qurumdan layihə, istismara qəbul və əvvəlki texniki müayinə sənədlərini tələb etməlidir. Daha sonra sakinlər və idarəedici qurum birlikdə bu sahədə təcrübəli mühəndisləri olan ixtisaslaşmış təşkilata müraciət edərək binanın texniki müayinəsini təşkil edə bilərlər.

Samir Nəbiyev qeyd edib ki, qiymətləndirmə binanın ümumi daşıyıcı sistemini əhatə etməlidir. Yalnız bir mənzildə aparılan baxış bütün binanın təhlükəsizliyi barədə qəti nəticə çıxarmağa imkan vermir.

Ekspert bildirib ki, təhlükəsizliklə bağlı şübhələr yarandıqda vətəndaş binanın ünvanını və narahatlıq doğuran halları göstərməklə Fövqəladə Hallar Nazirliyinə (FHN) yazılı müraciət edə bilər. Müraciət Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsələyə baxması üçün də ünvanlana bilər. Elektron müraciəti FHN-in rəsmi saytındakı “FHN-ə məktub göndər” bölməsi vasitəsilə göndərmək mümkündür.

Onun sözlərinə görə, müayinə zamanı binanın bünövrəsi, sütunları, daşıyıcı divarları, tikinti materiallarının vəziyyəti və sonradan aparılmış konstruktiv dəyişikliklər araşdırılmalıdır. Zəruri cihaz ölçmələrinin, laborator sınaqların və seysmik hesablamaların həcmi isə mütəxəssis tərəfindən müəyyənləşdirilir.

Samir Nəbiyev vurğulayıb ki, müayinənin yekununda binanın texniki vəziyyətini, istifadəsinə məhdudiyyət qoyulmasının zəruriliyini və gücləndirmə ehtiyacını əks etdirən yazılı texniki rəy alınmalıdır.

Ekspert əlavə edib ki, binanın uçma təhlükəsi və ya insanların həyatı üçün birbaşa risk yaradan vəziyyət varsa, sakinlər yazılı müraciətə cavab gözləmədən təhlükəsiz yerə keçməli və 112-yə məlumat verməlidirlər.

Əlaqəli Xəbərlər