Zelenski Rusiyadan bir həftədə atılan bomba və raketlərin sayını açıqlayıb
Rusiya bu həftə ərzində Ukraynaya təxminən 1 600 idarəolunan aviasiya bombası, müxtəlif tipli 48 raket və 2 300-ə yaxın hücum dronu buraxıb.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
O, Rusiyanın son hücumlarının fəsadlarını və itkiləri də açıqlayıb:
“Dnepropetrovsk vilayətinə zərbələr nəticəsində dörd nəfər həlak olub, 22 nəfər yaralanıb. Vinnitsada çoxmərtəbəli binaya dron hücumu nəticəsində altı nəfər xəsarət alıb. Xarkovda isə hipermarketə zərbədən sonra hadisə yerinə gələn xilasedicilər növbəti hücumun hədəfi olub. Gecə istilik elektrik stansiyalarına, yarımstansiyalara, kömür mədənlərinə, taxıl anbarlarına və digər mülki obyektlərə də zərbələr endirilib. Doqquz vilayətdə dağıntılar var”.
Zelenski danışıqlar prosesi ilə yanaşı, Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsinə və döyüş aviasiyasına dəstəyin davam etdirilməsinə çağırıb.
“Xüsusilə qış ərəfəsində hər bir müdafiə paketi insanların həyatını xilas etməyə kömək edir”, – Ukrayna Prezidenti qeyd edib.