Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksində Azərbaycan və Andorra komandaları arasındakı qarşılaşmanı izləyib, obyektdə yaradılmış şəraitlə tanış olub.
Bu barədə Operativ Media-ya AFFA-nın mətbuat xidmətindən bildirilib.
Federasiya rəhbəri kompleksdə oyunların müxtəlif hava şəraitində keçirilməsi üçün görülən hazırlıq işləri ilə də maraqlanıb. Millimizin uğurlu çıxışı tribunadakı valideynlər və federasiya nümayəndələri tərəfindən coşqu ilə qarşılanıb. İkinci oyun günü həm meydanda mübarizə aparan yeniyetmə futbolçular, həm də onları dəstəkləyən ailə üzvləri üçün beynəlxalq turnir atmosferini yaxından yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Müxtəlif ölkələrin təmsilçilərinin qatıldığı turnir gənc futbolçuların beynəlxalq səviyyədə təcrübə qazanması üçün mühüm platformadır. Oyunçular yüksək səviyyəli rəqabət mühitində bacarıqlarını nümayış etdirirlər.
Hövsan Yarış Kompleksinin infrastrukturu eyni vaxtda 20 oyunun keçirilməsini təmin edir. Hər meydançada gün ərzində 10-dək qarşılaşma təşkil olunur. Yeni quraşdırılmış peşəkar işıqlandırma sistemləri sayəsində oyunlar axşam saatlarında da fasiləsiz davam edir.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq. Turnirin final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.