Murad Musayev: "12 komandalı çempionat daha yaxşıdır"

Əziz Əzizli
Murad Musayev: "12 komandalı çempionat daha yaxşıdır"

Azərbaycan Premyer Liqasının XXXI turunun "Turan Tovuz" - "Sabah" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Media" xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

- Çətin qələbə oldu. "Turan Tovuz" çox narahat futbol oynayır. İkili mübarizələrdə, uzun toplarda yaxşı oynayırlar. Bizim üçün vacib olan üç xalı qazandıq.

- Bu mövsüm Tovuzdakı hər iki oyunu Aleksey Kaşukun qolları ilə qazandız. Bu, təsadüfdür?

- Təsadüfdür. Bunu başqa cür izah edə bilmirəm. Şans elə gətirdi ki, qolu o vurdu.

- "Qarabağ"la xal fərqi 7-yə endi. Çempionluq şanslarınızı necə dəyərləndirirsiz?

- İndi bütün diqqətim "Şamaxı" ilə oyundadır. Məqsədim komandanı bu oyuna hazırlamaqdır. mayın 28-də hansı mövqedə olacağımızı görəcəyik.

- Oyundan sonra futbolçuları məşqə çıxardız. Bu, nə ilə bağlıdır?

- Az yükləmələr alan futbolçular üçün bu, normal haldır.

- Rusiya Ukrayna ilə müharibə apardığı üçün bu ölkənin klubları UEFA turnirlərinə buraxılmır. Rusiya futbolu bu sanksiyalardan nə kimi zərərlər alıb?

- Bugünkü oyun haqda danışmaq istəyirəm.

- Az şans qazanan oyunçuları qarşıdakı matçlarda yoxlamaq fikriniz var?

- Rəqabətdə kim üstün olursa, o şans qazanır. Bu gün yaxşı olanlar meydana çıxır.

- Ötən oyun kapitan kimi meydana çıxan Abdulaye Ba nə üçün heyətdə yox idi?

- "Qarabağ"la oyunda Musa Qurbanlı onun zədədən qayıdan ayağına zərbə endirdi. İndi müalicəsi davam edir.

- 10 komandalı çempionatın olması yaxşıdır, ya sayın artması?

- 12 komandalı çempionat daha yaxşıdır. Amma gələcək komandalar çempionatın səviyyəsinə uyğun olmalıdır. Autsayderlər mövqeyində gərgin mübarizə gedir.

- Hakimin idarəçiliyindən razı qaldız?

- Müsbət dəyələndirirəm. Amma ilk hissədə oyun çox dayandı. Fasilədən sonra xırda müdaxilələrə fit çalmadı. Bu, yaxşı hal idi.

Digər xəbərlər