Nazir müavini: 2027-ci ildə Azərbaycanda iqtisadi artım 2,7 faiz proqnozlaşdırılır
“Növbəti il üçün büdcə layihəsinin hazırlanması zamanı dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, real sektorun inkişafının sürətləndirilməsi və digər tədbirlər üçün maliyyə təminatının formalaşdırılması büdcə siyasətinin əsas istiqamətlərini təşkil edib”.
Operativ Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb”.