Menyu

Yollardakı çalalara görə avtomobilə dəyən zərəri kim ödəməlidir?

Ayşən Sadıxzadə
Yollardakı çalalara görə avtomobilə dəyən zərəri kim ödəməlidir?
2 dəq oxu

Avtomobil yollarında yaranan çalalar sürücülər üçün təkcə hərəkət çətinliyi deyil, həm də ciddi maddi zərər mənbəyidir. Belə hallarda avtomobilin təmir xərclərini sürücü özü ödəməlidir, yoxsa dəymiş zərərin əvəzini cavabdeh qurumdan tələb edə bilər?

Bu barədə Operativ Media-ya vəkil Səma Əhmədova danışıb.

O bildirib ki, müəyyən hüquqi şərtlər daxilində sürücülər yoldakı çalalar səbəbindən avtomobillərinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər:

“Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” Qanununa əsasən, avtomobil yollarının saxlanılması, təmiri və hərəkət üçün təhlükəsiz vəziyyətdə olması müvafiq yol təsərrüfatı orqanlarının vəzifələrinə daxildir. Həmin qanunun 34-cü, 48-ci və 52-ci maddələrində, eləcə də “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan müddəalar bu məsələnin hüquqi əsasları ilə əlaqəlidir.

Belə ki, yolun saxlanılmasına və təhlükəsiz vəziyyətdə olmasına cavabdeh qurum üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədikdə və bunun nəticəsində avtomobilə zərər dəydikdə, həmin qurumun məsuliyyəti məsələsi ortaya çıxa bilər. Bunun üçün yolun yararsız vəziyyəti ilə avtomobilə dəymiş zərər arasında səbəbli əlaqə sübut edilməlidir.

Yoldakı çalaya düşərək avtomobilinə zərər dəyməsi ilə qarşılaşan sürücü, ilk növbədə, hadisə yerini, çalanın vəziyyətini və avtomobilə dəymiş zərəri foto və video görüntülərlə qeydə almalıdır. Hadisənin müvafiq qaydada rəsmiləşdirilməsi üçün Dövlət Yol Polisi əməkdaşlarına müraciət etmək də vacibdir.

Bundan sonra avtomobilə dəymiş zərərin məbləği qiymətləndirilməli, yolun saxlanılmasına cavabdeh quruma yazılı müraciət edilərək kompensasiya tələb olunmalıdır. Tələb könüllü qaydada təmin edilmədikdə isə sürücü məhkəməyə müraciət edə bilər.

Digər tərəfdən, belə hadisələrdə sürücünün məsuliyyəti də diqqətdən kənarda qalmamalıdır. Sürücü yol hərəkəti qaydalarına əməl etməli, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, qarşılaşa biləcəyi təhlükələri nəzərə almalıdır. Hadisənin baş verməsində sürücünün də təqsiri müəyyən edilərsə, bu hal ödəniləcək kompensasiyanın məbləğinə təsir göstərə bilər.

Beləliklə, avtomobil yolundakı çalaya düşərək nəqliyyat vasitəsinə zərər dəyməsi yalnız sürücünün şəxsi problemi hesab edilə bilməz. Yolun saxlanılmasına cavabdeh qurumun üzərinə düşən öhdəlikləri pozması ilə dəymiş zərər arasında səbəbli əlaqə sübut olunduğu halda, vətəndaş həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir”.

Əlaqəli Xəbərlər