Menyu

Şahin İsmayılzadə: Gənclər və idman siyasəti üçün 48,7 milyon manat ayrılacaq

Operativ Media
Şahin İsmayılzadə: Gənclər və idman siyasəti üçün 48,7 milyon manat ayrılacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanda bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, gənclər siyasəti istiqaməti üzrə isə 12,9 milyon manat vəsait nəzərdə tutulub.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri, deputat Şahin İsmayılzadə parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, idman sahəsinə ayrılan vəsait idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılmasını, eləcə də beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsini əhatə edir. Deputat gənclər siyasəti üzrə nəzərdə tutulan vəsaitin isə 35 gənclər evi sosial xidmət müəssisəsinin maliyyələşdirilməsinə, həmçinin gənclər siyasətinin həyata keçirilməsinə yönəldiləcəyini qeyd edib.

Ş.İsmayılzadə vurğulayıb ki, gənclər təşkilatlarının və gənclər siyasəti çərçivəsində keçirilən tədbirlərin sayından daha çox onların mahiyyətinə diqqət yetirilməlidir. Onun sözlərinə görə, tədbirlər formal xarakter daşımamalı, gənclərə anlaşılan formada təqdim olunmalı, müasir texnologiyalardan istifadə edilməklə daha səmərəli təşkil edilməlidir.

Komitə sədri əlavə edib ki, Gənclər Fondunun fəaliyyəti üçün də maliyyə vəsaiti nəzərdə tutulub. O, ayrılan vəsaitin növbəti ildə Azərbaycanda böyük idman tədbirlərinin və gənclər layihələrinin həyata keçirilməsinə imkan verəcəyini bildirib.

Əlaqəli Xəbərlər