Menyu

Azər Bayramov: 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payı 82 faizə çatacaq

Operativ Media
Azər Bayramov: 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payı 82 faizə çatacaq
2 dəq oxu

2030-cu ilədək qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 82 faizə, adambaşına düşən ÜDM-in isə 9,6 min ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 2,9 faiz artıb. Artım əsasən qeyri-neft-qaz sektoru hesabına təmin olunur.

Nazir müavini bildirib ki, hesabat dövründə qeyri-neft sənayesi 5,9 faiz, nəqliyyat 10,2 faiz, informasiya və rabitə sahəsi isə 9,9 faiz artıb.

Qeyd olunub ki, Dövlət Neft Fondunun qızıl əməliyyatları üzrə ixracı nəzərə alınmadan, qeyri-neft ixracı 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb. Bu ixracın 60 faizdən çoxunu sənaye məhsulları təşkil edib.

Azər Bayramovun sözlərinə görə, 2027-ci ildə iqtisadi artımın 2,7 faiz, 2027-2030-cu illərdə isə orta illik artımın 3,3 faiz olacağı gözlənilir. Qeyri-neft sektorunda orta illik artımın 4,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Nazir müavini sahibkarlığa dövlət dəstəyi tədbirlərindən də danışıb. Bildirib ki, Bakı və Abşeron iqtisadi rayonları istisna olmaqla, digər ərazilərdə sahibkarların kreditləri üzrə faizlərin yarısı dövlət tərəfindən ödənilir. Kredit zəmanətlərinin limiti 20 faizdən 50 faizə qaldırılıb. 2027-2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

O əlavə edib ki, hazırda ölkədə 10 sənaye parkı və 6 sənaye məhəlləsində 190-dan çox layihə qeydiyyatdan keçib, təxminən 12 min iş yeri yaradılıb. Bu ilin doqquz ayında qeyri-neft-qaz sənayesində istehsalın təxminən beşdə biri, ixracın isə dörddə biri sənaye parkları və məhəllələrinin payına düşüb.

Azər Bayramov startap ekosisteminin inkişafına da toxunub. Onun sözlərinə görə, startap şəhadətnaməsi almış sahibkarların sayı 340-ı ötüb. 2027-ci ildən bu kateqoriyaya aid sahibkarlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək artırılacaq.

Bildirilib ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə 2026-cı ilin ilk 10 ayında 110-dan çox gənc sahibkara 6 milyon manatdan artıq kredit ayrılıb. Bu vəsaitlər sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrində layihələrin həyata keçirilməsinə yönəldilib.

Nazir müavini turizm, yaradıcı sənayelər və idmanın da xidmət ixracının perspektivli istiqamətləri olduğunu vurğulayıb. Qeyd edib ki, beynəlxalq idman və mədəni tədbirlər ölkənin tanınmasına, turist axınının artmasına, mehmanxana, nəqliyyat və iaşə xidmətlərinə tələbin genişlənməsinə töhfə verir.

Əlaqəli Xəbərlər