Əlibala Məhərrəmzadə: Mədəni irs və kino sahəsinə ayrılan vəsait turizmin inkişafına da töhfə verə bilər
2027-ci ilin dövlət büdcəsində mədəni irsin və mədəni abidələrin qorunmasına 49,7 milyon manat, kino sahəsinə isə təxminən 9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Əlibala Məhərrəmzadə parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) 140 milyard manat olacağı proqnozlaşdırılır və ötən ilin göstəricilərinə əsasən, ÜDM-in təxminən 1 faizi mədəniyyət sahəsinin payına düşür.
Onun sözlərinə görə, mədəni irsin qorunmasına və kino sahəsinə ayrılan vəsaitlər yalnız mədəniyyətin inkişafı baxımından deyil, həm də turizm və qeyri-neft sektorunun genişlənməsi baxımından əhəmiyyətlidir.
Ə.Məhərrəmzadə mədəniyyətin iqtisadi gəlir mənbəyinə çevrilməsi imkanlarına da diqqət çəkib. O qeyd edib ki, dövlət büdcəsinin gəlirlərində dividendlərdən əldə olunan 872 milyon manatlıq vəsait bu baxımdan maraqlı nümunədir.
Deputat hesab edir ki, gələcəkdə mədəni irsin təbliği, mədəniyyət məhsullarının təşviqi və satış platformalarına çıxarılması vasitəsilə əlavə gəlirlər əldə etmək mümkündür. Onun fikrincə, bu istiqamətdə analitik yanaşma formalaşdırılmalı və mədəniyyətin kommersiya potensialından istifadə olunmalıdır.
Ə.Məhərrəmzadə bu təklifi Mədəniyyət Nazirliyinin müavininə də çatdırdığını bildirərək, mədəniyyətin gəlir mənbəyinə çevrilməsi və Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından kənarda təbliğinin gücləndirilməsinin gələcək prioritetlərdən biri olmasını təklif edib.