Menyu

Deputat: Xaricdə Azərbaycan dilinin təbliği üçün davamlı dəstək mexanizmi yaradılmalıdır

Operativ Media
Deputat: Xaricdə Azərbaycan dilinin təbliği üçün davamlı dəstək mexanizmi yaradılmalıdır
1 dəq oxu

Deputat Azər Allahverənov xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyət mərkəzlərinin maliyyələşdirilməsi üçün dayanıqlı dəstək mexanizmlərinin yaradılmasını təklif edib.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Allahverənov parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qlobal Cənub platforması və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platformasının katibliklərinin Bakıda fəaliyyət göstərməsi mühüm hadisədir. Onun sözlərinə görə, büdcəni formalaşdıran qurumlar bu məqamı nəzərə almalıdırlar.

A.Allahverənov qeyd edib ki, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin iki il uzadılması və bu çərçivədə Gənclər Şurası ilə Qadınlar Şurasının yaradılması QHT-lərin ictimai diplomatiya istiqamətində fəaliyyətini genişləndirmək üçün imkanlar yaradır.

Deputat xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzlərinin milli kimliyin, milli yaddaşın və mədəni suverenliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

O, Özbəkistanın Daşkənd şəhərindəki universitetlərdən birinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyət mərkəzini nümunə göstərib. Bildirib ki, vaxtilə Azərbaycan hökumətinin və bir neçə dövlət qurumunun dəstəyi ilə yaradılan mərkəzdə 30-dan çox dinləyici olub, Azərbaycan dilinin təbliği və mədəni tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərilib. Lakin sonradan maliyyələşmə dayandırılıb və mərkəz əsasən işgüzar dairələrin epizodik dəstəyi ilə fəaliyyətini davam etdirməyə çalışıb.

A.Allahverənov hesab edir ki, xaricdə Azərbaycan dilinin və mədəniyyətinin təbliği üçün davamlı maliyyə dəstəyi mexanizmləri yaradılmalıdır. O, bu məsələnin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının məqsədləri çərçivəsində də prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilməsini təklif edib.

Əlaqəli Xəbərlər