Rizvan Nəbiyev: Azərbaycan yaxın iki ildə bir sıra beynəlxalq təşkilatlarda sədrlik edəcək
Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcək, İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə ev sahibliyi edəcək və təşkilata sədrliyi qəbul edəcək.
Onun sözlərinə görə, 2028-ci ildə isə Azərbaycanın ilk dəfə MDB-yə sədrlik etməsi nəzərdə tutulur. Həmçinin 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin 47 üzv dövlətin iştirakı ilə keçiriləcək Zirvə görüşünə Azərbaycan ev sahibliyi edəcək.
R.Nəbiyev qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Azərbaycanın sədrliyi növbəti iki il müddətinə uzadılıb.
Deputat vurğulayıb ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricilərindən biri də 30 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasıdır. O bildirib ki, Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin cari ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi mühüm nəticədir. İtaliya da nəzərə alınmaqla, Azərbaycan G7-nin dörd üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.