Deputat alimlərin sosial rifahının yaxşılaşdırılmasını təklif edib
Alimlərin elmi tədqiqatlarını daha səmərəli aparmaları üçün onların sosial-iqtisadi rifahına diqqət artırılmalıdır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, elmin inkişafı yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin də mənəvi öhdəliyidir. Onun sözlərinə görə, elmi inkişaf dünyanın aparıcı elm mərkəzləri ilə qarşılıqlı inteqrasiya nəticəsində mümkündür.
E.Akimova qeyd edib ki, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının əksəriyyəti dünyanın aparıcı elm mərkəzlərində yetişib. O, Azərbaycan alimlərinin də belə mərkəzlərdə təmsil olunmasının vacibliyini vurğulayıb.
Deputat çıxışında ədəbi mətbuatın dövlət dəstəyinə də toxunub. O bildirib ki, “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnalları 1997-ci ildən müəyyənləşdirilmiş büdcə ilə fəaliyyətlərini davam etdirirlər.
E.Akimova ölkə iqtisadiyyatının ötən illər ərzində sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq, həmin mətbuat orqanlarının nəşrinin və fəaliyyətinin daha yüksək səviyyədə davam etdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının vacibliyini qeyd edib.
Deputat, həmçinin müasir kitabxanaların, kitab satış mərkəzlərinin və mədəniyyət ocaqlarının təkcə Bakıda deyil, ölkənin digər bölgələrində də yaradılmasını təklif edib.
O, xüsusilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində müasir mədəniyyət mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, təxminən 40 min sakinin yaşadığı qəsəbədə belə bir mərkəzin yaradılması kütləvi tədbirlərin keçirilməsinə və gənclərin mədəni mühitə cəlb olunmasına töhfə verə bilər.
E.Akimova ötən il Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı qəsəbədə müasir idman komplekslərinin yaradılması məsələsini qaldırdığını da xatırladıb. Onun sözlərinə görə, “Sağlam məhəllə” layihəsi çərçivəsində bu il qəsəbədə yeni idman zonası istifadəyə verilib.
Deputat layihənin həyata keçirilməsinə görə Prezident İlham Əliyevə və Gənclər və İdman Nazirliyinə təşəkkür edib, mədəniyyət mərkəzinin yaradılması ilə bağlı çağırışının da müsbət həllini tapacağına ümidvar olduğunu bildirib.
E.Akimova 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib.