Bolqarıstan Milli Təhlükəsizlik Agentliyi: "Müharibə Ukrayna sərhədlərini aşa bilər"
Ukraynadakı müharibənin ölkə hüdudlarından kənara çıxa biləcəyi, müharibədə kütləvi qırğın silahlarından istifadə ehtimalının olduğu açıqlanıb.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) dərc etdiyi illik hesabatda deyilir.
Hesabatın təhlükəsizlik bölməsində edilən təhlildə vurğulanıb: “Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzü Avropada mövcud təhlükəsizlik arxitekturasına ciddi ziyan vurur, geosiyasi aktorlar arasında rəqabəti gücləndirir və qlobal enerji, iqtisadiyyat və ərzaq təhlükəsizliyi üçün risklər yaradır”.
Bu kontekstdə DANS, 2022-ci ildə Ukrayna müharibəsinin və Qərbi Balkanlarda qeyri-sabitliyin artmasının Bolqarıstanın milli təhlükəsizliyinə təsir edəcəyinə diqqət çəkib və hesabatında dövri olaraq artan gərginliyin mənfi təsirlərini qeyd edib.
Hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təhlil bölməsində aşağıdakı ifadələr yer alıb:
“Hərbi əməliyyatlar güclənmək və Ukrayna ərazisindən kənara yayılmaq potensialını saxlasa da, kütləvi qırğın silahlarından istifadə ehtimalını tamamilə istisna etmək olmaz. Proseslər əsas enerji və nəqliyyat dəhlizlərini yönləndirməklə yanaşı, Avropaya əhəmiyyətli miqrasiya axınına səbəb olur”.
Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanov hesabatı dəyərləndirərkən bildirib ki, Müdafiə Nazirliyi Ukraynadakı müharibənin bu ölkənin hüdudlarından kənara çıxa biləcəyini düşünmür.