Macar azarkeşlər “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesovdan narazıdır. Dünən evdə Farer Adaları təmsilçisi “Klaksvik”ə məğlubiyyətdən sonra əsəblər tarıma çəkilib.
"Operativ Media" xəbər verir ki, 0:3 hesablı ev məğlubiyyəti ilə Çempionlar Liqasından ələnən “Ferentsvaroş” azarkeşləri matç boyunca “Ruslar evinə gedir” qışqıraraq Çerçesovun istefasını istəyiblər. Onlar oyundan sonra da klub rəhbərliyindən rusiyalı məşqçilər heyətinin qovulmasını tələb edib və buna nail olublar. Qarşılaşma bitincə rusiyalı çalışdırıcı qovulub.
Xatırladaq ki, 2021-ci ilin dekabrından “Ferentsvaroş”a rəhbərlik edən Çerçesov komandaya iki ölkə çempionluğu və bir ölkə kuboku qazandırıb. Amma macar azarkeşlər avrokubokda uğur istəyirdi. Cırtdan ölkəsi təmsilçisi qarşısındakı darmadağın isə səbr kasasını daşırıb.