Moldova parlamenti MDB-nin daha iki sazişini denonsasiya edib
Bazar ertəsi Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyasının üzvləri MDB-nin daha iki sazişini ləğv etmək barədə qərara səs veriblər.
"Operativ Media" xəbər verir ki, qərarlardan biri kiçik biznesin dəstəklənməsi, digəri isə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əlaqələndirilmiş siyasət haqqındadır.
"MDB sazişləri ikinci oxunuşda 55 səslə denonsasiya edilib", - parlamentin spikeri İqor Qrosu bildirib.
Müxalif kommunistlər və sosialistlər blokunun deputatları qərara etirazlarını bildirmək üçün salonu səsvermədən əvvəl tərk ediblər.
"Hər iki saziş köhnəlib. Moldovanın standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun yoxlanılması, eləcə də bazara nəzarət sistemi digər MDB ölkələrindəki sistemlərdən xeyli fərqlənir. MDB ölkələrində kiçik biznesin dəstəklənməsi və inkişafı haqqında saziş isə zəmanəyə uyğun deyil”, - iqtisadi inkişaf naziri Dumitru Alaiba hökumətin təklifini təqdim edərkən bildirib.
Bundan əvvəl hakim partiyanın deputatları MDB Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya edib və bir sıra MDB sazişlərinə xitam verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Kişinyovun siyasətini qınayıb.