Türkmənistan Moskvaya uçuşları dayandırıb
Rusiyanın paytaxtı Moskvanı hədəf alan dron hücumları ilə bağlı narahatlıqlar digər ölkələrə də sirayət edib. Ukraynanın PUA-lar ilə Rusiyanın paytaxtı Moskvaya hücumları səbəbindən Türkmənistan bu şəhərə uçuşları dayandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkmənistanın dövlət hava yolu şirkəti Türkmənistan Hava Yolları açıqlama yayıb.
Açıqlamada Aşqabad-Moskva uçuşlarının "təhlükəsizliklə bağlı narahatlıq" səbəbiylə dayandırıldığı bildirilib: "Moskva hava məkanında yaranmış vəziyyətlə əlaqədar olaraq, uçuşların təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi nəticəsində bu marşrut üzrə uçuşlar dayandırılacaq".
Qeyd olunub ki, Türkmənistandan gələn təyyarələr Moskvadan 700 kilometr aralıda yerləşən Rusiyanın Kazan şəhərinə uçacaq.
Xatırladaq ki, bu ana qədər Rusiya son bir neçə gündə Moskva səması üzərində çoxlu sayda PUA-nı vurduğunu açıqlamışdı. Şəhərdəki hücumlara görə insanlara “evdən çıxmayın” xəbərdarlıqları edilərkən, dünən hökumət binaları və iş mərkəzlərinin cəmləşdiyi bölgəyə pilotsuz vasitələrlə hücumların təşkili çaxnaşmaya səbəb olub.
Moskvadakı Vnukovo hava limanı da hücumlara görə bir müddət bağlanıb.