Rusiya: "Ukrayna əks-hücumlarda 43 mindən çox əsgər itirib"
"Ukrayna ordusu iyun və iyul aylarında keçirilən əks-hücumlarda 43 mindən çox əsgər itirib".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov iddia edib.
Konaşenkov Rusiya ordusunun Ukraynadakı fəaliyyətləri barədə açıqlamalar verib.
“Ukrayna Silahlı Qüvvələrinin iyun və iyul aylarında əks-hücum döyüşləri zamanı itkiləri artıq 43 mindən çox əsgərə çatıb”, - deyə Konaşenkov məlumat verib.
İqor Konaşenkov bəyan edib ki, bu göstəriciyə Ukrayna daxilindəki və xaricdəki xəstəxanalara təxliyə edilən yaralılar və əcnəbi muzdlular, arxa bölgələrdə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hücumlar nəticəsində zərərsizləşdirilən hərbi qulluqçular daxil deyil.
Konaşenkova görə, bu müddət ərzində Ukrayna tərəfinin münaqişələrdə digər itkiləri belədir: “26 təyyarə, 9 helikopter, 25 Alman Leopard tankı, 7 Fransız AMX təkərli tankı, 21 Amerika Bradley zirehli döyüş maşını, o cümlədən 1831 tank və zirehli maşın vəs.".
Ukrayna ordusunun 747 artilleriya sistemi və minaatan mərmisi itirdiyinə diqqət çəkən Konaşenkov, bunların arasında ABŞ istehsalı olan 76 ədəd "M777" haubitsa və Polşa, ABŞ, Fransa və Almaniyadan gətirilən 84 özüyeriyən artilleriya sisteminin də olduğunu iddia edib.