Ukrayna: Rusiya 20 raket hücumu edib, 12 "Kalibr" raketi məhv edilib (YENİLƏNİB)
Rusiya Ukraynaya 20 raket hücumu təşkil edib, 12 "Kalibr" tipli raket hədəfə çatmadan vurulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusunun son sutka ərzində Ukrayna ərazisinə 20 raket hücumu təşkil etdiyi bildirilən açıqlamada qeyd olunub: "12 "Kalibr" raketi hava qüvvələrinin raketdən müdafiə bölmələri tərəfindən məhv edilib”.
Açıqlamada, Rusiya qüvvələrinin Ukraynaya 62 hava hücumu təşkil etdiyi, Rusiya ordusunun 4 "Şahed" tipli pilotsuz uçuş aparatından istifadə etdiyi və bunların hamısının məhv edildiyi bildirilib.
Açıqlamaya görə, Rusiya hərbçiləri Ukrayna əsgərlərinin mövqelərini və yaşayış məntəqələrini çoxlüləli raket sistemlərindən 68 dəfə atəşə tutub, hücumlar nəticəsində ölən və yaralananlar olub, mülki infrastruktur obyektləri dağıdılıb.
Son 24 saat ərzində cəbhə xəttində Rusiya və Ukrayna hərbçiləri arasında 30-dan çox toqquşma baş verib.
Hücumlar nəticəsində ölən və yaralananların sayı barədə hələlik məlumat verməyib.
*** 09:59
Rusiya təyyarə və helikopterlərin mühərrik istehsalçılarından biri olan "Motor Sich"i və Xmelnitski bölgəsini “Kinjal” və “Kalibr” raketləri ilə vurub.
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski deyib: "Kinjal"lar və "kalibr"lər "Motor Sich" və Xmelnitski rayonuna zərbələr endiriblər. Raketlərin bir hissəsi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən vurulub”.
"Rusiya nə qədər hücum etsə də, Ukraynanın azadlığını müdafiə edəcəyik. Rusiya terrorla və hədə-qorxu ilə beynəlxalq hüququ dəyişdirə bilməyəcək”, - Zelenski qeyd edib.
Qeyd edək ki, "Motor Sich" Zaporojye bölgəsində təyyarə və helikopterlər üçün mühərriklərin əsas istehsalçılarından biri kimi tanınır.