İzmir sahillərində 130 immiqrant xilas edilib
Türkiyənin İzmir vilayətinin Menderes, Karaburun, Foça və Çeşmə rayonları açıqlarında Yunanıstan tərəfindən yenidən Türkiyə ərazi sularına buraxılan 130 qeyri-qanuni miqrant xilas edilib. Karaburun və Dikili sahillərində isə 265 immiqrant və 1 miqrant qaçaqçısı tutulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Xidməti məlumat yayıb.
Məlumata görə, Menderes, Karaburun, Foça və Çeşmə rayonları sahillərində rezin qayıqlarda immiqrantların aşkar olunması xəbərindən sonra Sahil Təhlükəsizlik katerləri bölgəyə göndərilib.
Komandalar Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılmş 130 immiqrantı təhlükəsiz şəkildə sahilə çıxarıb.
Karaburun sahillərində Sahil Mühafizəsinin mobil radarları tərəfindən İtaliya marşrutu üzrə yelkənli qayıqlarda 160 immiqrant və miqrant qaçaqçısı olduğu düşünülən 1 şübhəli yaxalanıb. Yenə Karaburun və Dikili sahillərində radarla təsbit edilən rezin qayıqlarda 105 nizamsız immiqrant yaxalanıb.
İmmiqrantlar əməliyyatların ardından Bölgə Miqrasiya İdarəsinə təhvil verilib.