Quterreş: "Nüvə kölgəsi yenidən bütün dünyaya yayılır"
Bəzi ölkələrin nüvə silahından istifadə etməklə bağlı hədələri nəticəsində yenidən nüvə müharibəsinin "kölgəsi" yaranıb.
"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Nüvə müharibəsinin təbilləri yenidən döyünür. Etibarsızlıq və parçalanma artmaqdadır. Soyuq Müharibə zamanı yayılan nüvə təhlükəsi yenidən üzə çıxdı. Bəzi ölkələr isə ehtiyatsızcasına nüvə qılıncını yenidən şaqqıldadır, bu vasitələrdən istifadə etməklə hədələyir", - Quterreş BMT Baş katibinin müavini və Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndəsi İzumi Nakamitsunun Xirosimaya atom bombasının atılmasının 78-ci ildönümü ilə əlaqədar keçirilən Xirosima Sülh Memorialındakı anım tədbirində oxuduğu müraciətə istinad edib.
Quterreş həmçinin nüvə silahlarından tamamilə imtina etməyə çağırıb.
O, qeyd edib ki, nüvə silahlarının ləğvi Birləşmiş Millətlər Təşkilatının tərksilah üzrə ən yüksək prioriteti olaraq qalır: "Nüvə riskini aradan qaldırmağın yeganə yolu nüvə silahını ləğv etməkdir. Nüvə kölgəsi birdəfəlik aradan qaldırılmayana qədər dincəlməyəcəyik".