İsrail Hizbullahı hədələyib
İsrailin müdafiə naziri Yoav Qallant Hizbullah lideri Həsən Nəsrullaha "hər hansı bir səhv etməmək" barədə xəbərdarlıq edərək, hər hansı bir münaqişə olacağı təqdirdə "Livanı daş dövrünə çevirəcəyi" ilə hədələyib.
"Operativ Media" xərbər verir ki, bu barədə Livan sərhədinə səfər edən İsrailin müdafiə naziri Qallant Hizbullah Hərəkatının baş katibi Nəsrullaha müraciətində deyib.
“Siz keçmişdə səhvlər etdiniz və bunun əvəzini çox ödədiniz. Əgər burada gərginlik və ya münaqişə olarsa, biz Livanı daş dövrünə çevirəcəyik. Biz müharibə istəmirik, lakin suverenliyimizi, əsgərlərimizi və vətəndaşlarımızı qorumağa hazırıq. Lazım gələrsə, bütün hərbi qüvvələrimizi işə sala bilərik”, - Qallant qeyd edib.
Hizbullah Qallantın açıqlamaları ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, 12 iyul 2006-cı ildə başlayan Hizbullah təşkilatı ilə İsrail arasındakı hərbi qarşıdurma səbəbiylə 33 gün davam edən müharibədə 60-a yaxın israilli və mindən çox livanlı həyatını itirib, 100 mindən çox livanlı evlərindən didərgin düşüb.
Müharibə 14 avqust 2006-cı ildə elan edilən atəşkəslə başa çatıb. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi tərəflər tərəfindən təsdiqlənib və Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) Livanın cənubuna əsgər yerləşdirməsi qərara alınıb.