Şoyqu: "Polşa və Ukrayna birgə hərbi birləşmə yaradacaq"
Polşa təhlükəsizlik məqsədini əsas gətirərək, əslində Ukraynanın qərbini işğal etmək məqsədi ilə Polşa-Ukrayna birgə hərbi birləşməsi yaratmağı planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
O, Polşa ilə bağlı təhlükələrə diqqət çəkib: “Görünür Qərbi Ukraynanın təhlükəsizliyini təmin etmək adı ilə, əslində isə bu ərazinin sonradan işğalı üçün daimi qondarma Polşa-Ukrayna birləşməsinin yaradılması planları var”.
Şoyqu əlavə edib ki, Polşa ABŞ-nin anti-Rusiya siyasətinin əsas alətinə çevrilib: "Mövcud risklər ABŞ-nin anti-Rusiya siyasətinin əsas alətinə çevrilmiş Polşanın militarizasiyası ilə bağlıdır. Varşava polyakların iddia etdiyi kimi "qitənin ən güclü ordusunu” qurmaq niyyətini açıqlayıb. Bununla əlaqədar olaraq, ABŞ, Böyük Britaniya və Cənubi Koreyadan tanklar, artilleriya sistemləri, hava hücumundan müdafiə, zenit sistemləri və döyüş təyyarələri də daxil olmaqla, irimiqyaslı silahların alınmasına başlanılıb".
Qeyd edək ki, avqustun 1-də Polşa Müdafiə Nazirliyi Belarus helikopterlərinin ölkənin hava sərhədlərini pozmasından sonra Belarusla sərhədə əlavə qoşun və hücum helikopterlərinin göndərilməsi barədə qərar qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də bildirib ki, Polşanın Qərbi Ukraynaya iddiası fikri Polşa cəmiyyətinə sirayət edib.
İyulun 21-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin prezident Vladimir Putinlə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında keçirilən görüşdə bildirib ki, Polşa Ukraynanın qərb ərazilərinə öz qoşunlarını yerləşdirməklə nəzarəti ələ keçirə bilər.