WSJ: "ABŞ və Səudiyyə Ərəbistanı İsrail də daxil bir çox məsələlərdə razılaşa bilər"
ABŞ və Səudiyyə Ərəbistanının İsrailin Fələstinlilərə güzəştləri, ABŞ-nin Ər-Riyada təhlükəsizlik zəmanətləri və onun mülki nüvə silahına verdiyi dəstək müqabilində Səudiyyə Ərəbistanının İsraili tanımasını da əhatə edən geniş saziş xətləri üzərində razılaşdıqları iddia edilib.
"Operativ Media" xəbər verir ki, bu iddia ilə bağlı Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması məsələsində yaxın 9-12 ay ərzində müəyyən razılıqların əldə ediləcəyinə dair nikbindirlər. Lakin rəsmilər sövdələşmənin əldə edilməsinin çətin olacağı barədə də xəbərdarlıq edib.
Eyni zamanda qeyd edilib ki, ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə iki həftə əvvəl baş tutan görüşündən sonra məsələ ilə bağlı səylər sürətlənib.
Tərəflər sazişin təfərrüatlarını, o cümlədən ABŞ-dən Ər-Riyada mülki nüvə proqramını inkişaf etdirməyə kömək etmək və təhlükəsizlik zəmanətləri vermək tələblərini müzakirə edirlər.
Bildirilir ki, səudiyyəlilər Fələstin dövlətinin qurulmasına kömək etmək üçün “İsrailin əhəmiyyətli güzəştlərə getməsini” istəyir, ABŞ isə Səudiyyə Ərəbistanına Çinlə inkişaf edən münasibətlərinə məhdudiyyətlər qoyması üçün təzyiq edir.
Teqlər:
"WSJ: \"ABŞ və Səudiyyə Ərəbistanı İsrail də daxil bir çox məsələlərdə razılaşa bilər\" "