Keçmiş Mossad rəhbəri: "Netanyahu hökuməti bizi sionist xəyalının sonuna yaxınlaşdırır"
"Baş nazir Benyamin Netanyahu hökumətinin rəhbərlik etdiyi İsraildə "sionist xəyalın sonuna yaxınlaşdıq".
"Operativ Media" xəbər verir ki, bunu Mossad-ın keçmiş rəhbəri Tamir Pardo deyib.
İsraildə baş nazir Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ifrat sağçı siyasəti və məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran mübahisəli “məhkəmə islahatı” müxtəlif sahələrdən olan bir çox yüksək vəzifəli İsrail xadimləri narazı salıb, eləcə də ölkə daxilində 31-ci həftəni geridə qoyan kütləvi nümayişlərə səbəb olub.
Keçmiş Mossad rəhbəri Tamir Pardo “Yediot Ahronot” qəzetində yazdığı “Ekstremistlər Yəcuc və Məcuc müharibəsi istəyir” başlıqlı məqaləsində Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətini hədəfə alıb.
Pardo öz məqaləsində ideyaları ilə İsrailin qurulmasına öncülük edən Teodor Herzl və Xaim Veyzmann kimi sionist liderlərin vurğuladığı yəhudi dövlətinin qurulmasını ifadə edən “sionist arzusu” ilə bağlı narahatlığını çatdırıb.
Pardo hökumət koalisiyasında ifrat sağçı, irqçi və ultra-dini hərəkətlərə işarə edib: "Məsihistlər və faşistlər anti-sionist Haredi blokunu (ultra-pravoslav yəhudilər) öz mövqeyini dəyişən bir baş nazirə (Netanyahu) bağladılar. O, partiyasını (Likud) sağçı demokratdan irqçi pravoslav diktaturasına çevirdi".
“Netanyahu hökuməti bizi sionist xəyalının sonuna yaxınlaşdırır”, - deyən Pardo ABŞ-yə işarə edib: “Ümid edək ki, dünyadakı dostlarımız bizə kömək etsin”.
Teqlər:
"Keçmiş Mossad rəhbəri: \"Netanyahu hökuməti bizi sionist xəyalının sonuna yaxınlaşdırır\""