İraq hökuməti "Telegram"a qoyulan qadağanı ləğv edib
İraqda hökumət tərəfindən avqustun 6-da bağlanan "Telegram"ın sabahdan etibarən istifadəyə veriləcəyi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin göstərişi ilə "Telegram"a tətbiq edilən giriş qadağasının bazar günündən etibarən qaldırılacağı bildirilib.
"Tətbiqə sahib olan şirkət İraq təhlükəsizlik orqanlarının vətəndaşların məlumatlarını sızdıran tərəfləri müəyyən etmək tələblərinə cavab verdikdən sonra qadağa götürülüb", - deyə məlumatda bildirilir.
Açıqlamada İraqın ifadə azadlığına qarşı olmadığı, lakin sosial media şirkətlərin ölkə qanunlarına, təhlükəsizliyinə və istifadəçi məlumatlarına hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.
Qeyd edək ki, İraqın Rabitə Nazirliyi avqustun 6-da "Telegram"a girişin qadağan edildiyini, qərarın "yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə" qəbul edildiyini açıqlamışdı.
Qərara səbəb “dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması” olub.
İraqda "Telegram"dan aktiv şəkildə istifadə edən İranın dəstəklədiyi silahlılar bu addıma sərt reaksiya verib.
Sözügedən milislər "Telegram"ın bağlanması əmrini ABŞ səfirinin verdiyini iddia ediblər.