Rusiya hərbi gəmisi Qara dənizdə atəş açıb
Rusiya hərbi gəmisi tərəfindən Qara dənizdə Ukrayna limanına doğru hərəkət edən yük gəmisinə xəbərdarlıq atəşi açılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın “Vasiliy Bikov” patrul gəmisi Qara dənizin cənub-qərbində Palau bayraqlı “Sukru Okan” adlı yük gəmisini təsbit edib.
Gəminin Ukraynanın İzmail limanına doğru hərəkət etdiyi bildirilib: “Yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlama tələbinə cavab vermədi. Rusiya hərbi gəmisi gəmini zorla dayandırmaq üçün avtomatik kiçik silahla xəbərdarlıq atəşi açıb”.
Açıqlamada, Rusiya əsgərlərini daşıyan “Ka-29” tipli helikopterin gəminin yoxlanılması üçün havaya qalxdığı qeyd edilib: “Radio danışıqlarından sonra gəmi dayanıb və yoxlama qrupu yük gəmisinə minib. Yoxlama qrupunun işləri tamamlandıqdan sonra gəmi İzmail limanına doğru yoluna davam edib".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.