Qum fırtınası İranda həyatı iflic edib
İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara 733 nəfər müraciət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA-ya Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi məlumat verib.
Muhibbi qeyd edib: "Qum və toz fırtınası səbəbindən Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 3 gündə 733 nəfər xəstəxanalara müraciət edib. Onlardan 58 nəfəri xəstəxanalara yerləşdirilərək müalicə olunub".
Sistan-Bəlucistan Meteorologiya İdarəsinin baş direktoru Muhsin Haydari bildirib ki, havada tozun miqdarının artması səbəbindən Zabulda görmə məsafəsi 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər azalıb.
Sistan-Bəlucistan valiliyindən verilən yazılı açıqlamada, qum və toz fırtınaları səbəbiylə bu gün Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumlarının və bankların fəaliyyətinin dayandırıldığı açıqlanıb.
Qeyd edək ki, ötən ay da Sistan-Bəlucistan əyalətində qum fırtınaları səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.