İCMAL: Terrorla mübarizədə 39 il ötüb, 70 000-dən çoxu zərərsizləşdirilib
Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatı PKK ilə mübarizədən 39 il ötür. Qanlı təşkilat bir çox hücumlara görə məsuliyyət daşıyır. Ancaq son illərdə həyata keçirilən uğurlu daxili və sərhəd əməliyyatları ilə terror təşkilatı demək olar ki, sıradan çıxarılıb.
"Operativ Media" məlumat verir ki, bu günə qədər PKK terrorçuları kəndlərə pusqu quraraq, basqın edərək on minlərlə insanı qətlə yetiriblər. Onlar, həmçinin yüz minlərlə insanı evlərindən qovub.
Qanlı terror təşkilatı PKK 15 avqust 1984-cü ildə hücumlara başlayıb. Sirtin Eruh və Hakkarinin Şemdinli rayonlarında baş verən hücumlarda Süleyman Aydın adlı əsgər şəhid olub, daha 9 əsgər və 3 mülki şəxs yaralanıb.
Türkiyənin terror təşkilatı PKK ilə mübarizəsi 39 ildir ki, davam edir.
Bəzi ölkələrin gizli və ya açıq dəstəyi ilə alət kimi istifadə etdiyi PKK terror təşkilatı Türkiyənin Şərq və Cənub-Şərq bölgələrində yaşayan insanlara ağır günlər yaşadıb. 1990-cı illərin sonuna qədər kəndlilər öz bölgələrində yüksəkliklərə gedə bilməyiblər.
Terror təşkilatının nəfəsi kəsilib
Son illərdə artan terrorla mübarizə qanlı təşkilatın nəfəsini alıb.
Terrorun mənbəyində məhv edilməsi strategiyası, müdafiə sənayesində irəliləyişlər, xaricə asılılıq nisbətinin azaldılması bu mübarizədə təsirli olub. Terror təşkilatı PKK ölkədaxili və sərhədyanı uğurlu əməliyyatlarla sıradan çıxarılıb.
Genişmiqyaslı əməliyyatlarla sərhəd xətti təmizlənib, terrorçuların Türkiyənin sərhədlərində içəri daxil olmasının qarşısı alınıb. Təşkilata üzv terrorçuların sayı 100-dən aşağı düşüb.
70 mindən çox terrorçu zərərsizləşdirilib
1984-cü ildən bu yana 70 mindən çox PKK terrorçusu zərərsizləşdirilib.
39 illik mübarizə zamanı 15 minə yaxın şəhid verilib, 30 mindən çox yaralı isə veteran (qazi) olub.
Terror təşkilatı PKK-nın Türkiyə iqtisadiyyatına vurduğu maliyyə itkisi təxminən 2 trilyon dollardır.
Terrordan təmizlənən dağlarda turizm başlayıb
Terrordan təmizlənmiş bölgə yeni investisiyalarla rahat nəfəs almaqdadır. Terror ucbatından köç edənlər doğma kəndlərinə qayıtmağa başlayıblar. Dağlar əvvəlki sevincini qaytarıb.
Terrorçuların bir zamanlar yuva qurduğu zirvələrdə artıq qış və təbiət turizmi başlayıb.