Türkiyə Nazirlər Kabineti sabah iclas keçirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstandakı təmaslarından sonra sabah Nazirlər Kabinetinin iclasına sədrlik edəcəyi gözlənilir.
"Operativ Media" xəbər verir ki, iclasda bir sıra daxili və xarici siyasət ilə bağlı məsələlər müzakirə olunacaq.
İnflyasiya ilə mübarizədə atılan addımların nəticələri qiymətləndiriləcək.
Digər mövzu isə dövlət qulluqçularının və pensiyaçıların maaşlarının artırılması olacaq. 2024-2025-ci illəri əhatə edən kollektiv müqavilə danışıqlarında hələlik razılıq əldə olunmayıb. İclasda proseslə bağlı son vəziyyətə baxılacaq.
Birləşmiş Millətlər Təşkilatının Şimali Kipr Türk Cümhuriyyətinin türklərin və yunanların birgə yaşadığı Pile kəndinə keçidi asanlaşdırmaq üçün başlatdığı yol infrastrukturu layihəsinin qarşısını almaq cəhdinə Ankara sərt reaksiya verib. Yığıncaqda gərginlikdən sonrakı vəziyyət qiymətləndiriləcək.
İclasda taxıl daşımalarının davam etdirilməsi üçün alternativlər də müzakirə olunacaq.
Zəlzələ bölgəsində yeni yaşayış binalarının tikintisi işləri, baş verə biləcək fəlakətlərə qarşı ehtiyat planları və terrorizmlə mübarizə də Nazirlər Kabinetinin gündəmində olacaq.