İCMAL: BRİCS ölkələri birgə bəyannamə qəbul ediblər
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu BRİCS-in Yohannesburqda keçirilən 15-ci sammitində birgə bəyannamə qəbul edilib.
"Operativ Media" xəbər verir ki, 2-ci Yohannesburq Bəyannaməsində daha ədalətli beynəlxalq nizam və çoxqütblü sistemin bərqərar olması, davamlı inkişaf və inklüziv artım üçün BRİCS ölkələri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Bəyannamədə inkişaf etməkdə olan ölkələrin BMT-də, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) daha çox təmsil olunması çağırışı edilib.
COVID-19-un qlobal iqtisadiyyata dağıdıcı təsirinin davam etdiyinə diqqət çəkilib. Çoxtərəfli maliyyə qurumlarının iqtisadi siyasətlərdə qlobal konsensusa nail olmaq üçün təşviq edildiyi paylaşılıb.
Bəyannamədə dünya ərzaq istehsalının üçdə birini istehsal edən BRİCS ölkələrinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsinə önəm verdiyi vurğulanıb.
BRİCS-in 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi çağırışı təkrarlanıb və gələn ay Nyu-Yorkda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin bu baxımdan mühüm imkanlar yaratdığına diqqət çəkilib.
Həmçinin Braziliyanın COP30 iqlim dəyişikliyi sammitinə ev sahibliyi etmək üçün namizədliyinin müsbət qarşılandığı və iqlim dəyişikliyinə qlobal reaksiyanın mühüm olduğu qeyd edilib.
BRİCS üzvləri arasında yerli valyutalardan istifadə təşviq ediləcək
Bəyannamədə BRİCS üzvləri arasında sürətli, ucuz, şəffaf və təhlükəsiz pul axınının təmin edilməsi üçün tələb olunan ödəniş sistemlərinin inkişafının dəstəkləndiyi vurğulanıb.
Üzv ölkələr arasında yerli valyuta ilə alış-verişi nəzərdə tutan müqavilələrin əhəmiyyəti vurğulanaraq, yerli valyutalardan istifadənin təşviq edilməsinin zəruriliyinə diqqət çəkilib.
Həmçinin qeyd olunub ki, Yeni İnkişaf Bankı (NDB) üzv ölkələrin infrastrukturunun və davamlı inkişafının təşviqində mühüm əhəmiyyət kəsb edir.
2024-cü ildə sammit Rusiyada keçiriləcək
Bəyannaməyə görə, BRİCS-in genişlənməsi qərarının bir hissəsi olaraq Argentina, BƏƏ, Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı birliyə dəvət edilib.
Cənubi Afrikanın 15-ci BRİCS Zirvə Toplantısındakı uğurlu təşkilatçılığının təqdir olunduğu bəyannamədə Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın Rusiyanın 2024-cü ildə keçiriləcək 16-cı BRİCS Zirvə Toplantısına ev sahibliyinə tam dəstək verdiyi vurğulanıb.