Zelenski Hakan Fidanla görüşü barədə paylaşım edib
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşü barədə paylaşım edib.
"Operativ Media" xəbər verir ki, Zelenski özünün "Facebook" hesabındakı paylaşımında Fidanla bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını qeyd edib.
"Xarici işlər naziri Hakan Fidanla görüşdük. Biz bir çox vacib məsələləri müzakirə etdik. Ukraynada Sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq, Rusiyanın Qara dəniz taxıl dəhlizinin blokadası ilə bağlı risklər ətrafında danışdıq", - Ukrayna lideri bildirib.
Ukrayna prezidenti Zelenski ölkəsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Nazir Fidan Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, eləcə də Zelenski ilə görüşüb.
Ukraynanın Baş naziri Şmiqal da Hakan Fidanla bağlı paylaşım edib. O bildirib ki, onlar Ukrayna ilə ticari-iqtisadi əməkdaşlıq və bu ölkənin yenidən qurulmasını müzakirə ediblər.
Şmiqal qeyd edib ki, Türkiyəyə prezident Zelenskinin sülh düsturuna verdiyi dəstəyə və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəyə görə minnətdardırlar.